Müxalifət Zəfər Gününü necə keçirdi? – SORĞU

Bu gün Azərbaycan xalqı Qarabağ savaşında qazanılan Böyük Qələbəni qeyd edir.

Otuz illik işğala son qoyan Vətən müharibəsinin 43-cü günü Şuşa işğaldan azad olundu.

Qələbənin ikinci ildönümündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər. Ali Baş Komandan 8 noyabrda Şuşa şəhərində hərbçilərlə görüşdü, tədbirlərə qatıldı.

Bəs müxalifət Zəfər Gününü necə qeyd etdi?

Bununla bağlı redaksiyamız müxalifət liderləri arasında sorğu keçirib.

Globalinfo.az-a açıqlama verən AĞ partiyanın başqanı Tural Abbaslı öncə Azərbaycan türklərini və bütün islam dünyasını qələbə münasibətilə təbrik edib.

“Zəfər bayramımız yalnız Azərbaycan xalqı deyil, bütün türk və islam dünyası üçün çox önəmli bir qələbədir. Son dövrdə qazanılan ən önəmli və azsaylı zəfərlərdən biri kimi buna ehtiyac vardı. 44 günlük müharibədə şəhidlərimizin, qazi və veteranlarımızın, vətəndaşlarımızın, eləcə də milli birlik, siyasi həmrəyliyin sayəsində dövlət olaraq bu qələbəni qazandıq, dünya tarixində daha bir şərəfli günü qeyd etdik. Əminəm ki, yaxın zamanda yenidən formalaşan dünya nizamında bu günün öz təsiri var, olub, olacaq da. Türk-islam dünyasının yenidən dirçəlməsinin bir başlanğıc nöqtəsi kimi bunu qiymətləndiririrəm, çünki Şuşa azad olunandan sonra Turan ideyası yenidən ciddi şəkildə gündəmə gəldi və artıq türk dövlətləri rahat şəkildə Turandan danışamağa və biri-biri ilə sıx inteqrasiya qurmağa başladılar.

Tural Abbaslının sözlərinə görə, Zəfər Günündə partiya üzvləri II Fəxri Xiyabanda şəhidlərimizi ziyarət edib və onların ruhuna dualar oxuyublar.

“AĞ partiya olaraq Azərbaycan Nəşriyyatının qarşısından başlayaraq II Fəxri Xiyabana qədər yürüş keçirdik. Tədbirdə şəhid ailələrinə başsağlığı verib, Allahdan səbr diləyib öz minnətdarlığımızı bildirdik”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev isə Zəfər Günü ilə bağlı gənclərin iştirakı ilə silsilə tədbirlər keçiriləcəyini söyləyib.

“Azərbaycan əraziləri zaman-zaman işğala məruz qalaraq bölünüb. Nəhayət ki, son iki yüz ildə ilk dəfə belə əhəmiyyətli qələbə qazandıq. Bu yalnız torpaqlarımızı işğal edən ermənilər üzərində deyil, həm də onlara dayaq duranlara qarşı çalınan qələbə idi. Bu qələbə münasibətilə bütövlükdə millətimizi təbrik edirəm. Zəfərin qazanılmasında canını fəda edən şəhidlərimizi böyük minnətdarlıqla anırıq. Allah onlara qəni-qəni rəhmət eləsin, qazilərimizə can sağlığı, əsgər və zabitlərimizə güc-qüvvət versin. Qələbəyə aparan 44 günlük müharibədə Ali Baş Komandanımızın, ordumuzun müstəsna rolu var, eyni zamanda hər bir azərbaycanlının bu qələbədə öz payı var. Siyasi təşkilatların böyük əksəriyyəti Vətən müharibəsi zamanı yetkinlik göstərdi, onlara böyük təşəkkür düşür və media da əlindən gələni etdi”.

Siyasətçi hələ də toraqlamızın bir qisminin işğal altında olduğunu və tarixi ədalətin bərpasını gözlədiyimizi bildirib.

“Hələ də məkrli düşmənlər Azərbaycana qarşı birləşiblər. Ümid edirəm ki, genetik kodu möhkəm olan xalqımızın qələbələrinin ardı olacaq. Azərbaycan əvvəlki kimi tək deyil, Şuşa bəyannaməsinin imzalanmasıyla Böyük Turanın yaradılması uğrunda hərəkata başlayıb. Mustafa Kamal Atatürkə “dünyada ən çətin iş nədir?” deyə sual verildiyində o, bunun “türkü yerindən tərpətmək”, ikinci çətin olan işin isə “türkü dayandırmaq” olduğunu deyib. Bizi indi heç kim dayandıra bilməz”.

Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn çoxillik tariximizin ən şərəfli hadisələrindən biri olan qələbə münasibətilə soydaşlarımızı, əsgər və qazilərimizi təbrik edib.

O hesab edir ki, bu zəfər Xankəndində Azərbaycanın müqəddəs şanlı bayrağının dalğalanması ilə başa çatacaq.

“Şəhidlərimizi minnətdarlıqla anıram. Şəhid ailələri qarşısında baş əyirəm, bu bayram həm də onların bayramıdır. Eşq olsun Azərbaycan əsgərinə, Azərbaycan Silahlı Qüvvələrinə! Canımız onlara fəda olsun! Bayrağımız Şuşada ucaldığı kimi, inşallah, bütün Azərbaycan torpaqlarında ucaldılacaq”.

Pənah Hüseyn qeyd edib ki,  partiya rəhbərliyi ilə birlikdə Şəhidlər Xiyabanında I və II Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət edəcəklər.

Pənah Hüseyn partiya adından Azərbaycan xalqına təbrik ünvanlandığını və qələbənin ildönümü ilə bağlı bir sıra tədbirlərin nəzərdə tutulduğunu söyləyib.

Hazırda Türkiyədə müalicə alan Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev bu gün qələbəni xalqımıza bəxş edən şəhidlərin yad edildiyini, onların ailələri ilə görüş keçirildiyini deyib.

“Partiya üzvləri Şəhidlər Xiyabanı ziyarət ediblər. Bu günlə əlaqədar böyük yığıncaq keçirilib. Şəhid ailələrinin, əsgərlərimizin iştirakı ilə tədbirlər təşkil etmişik”.

Hafiz Hacıyevin sözlərinə görə, dövlətin bu uğuruna partiya olaraq dəstək verirlər: “Daha böyük uğurları reallaşdırmaq, Zəfər bayramını Xankəndində keçirmək arzusundayıq”.

Gülnar Səlimova, Globalinfo.az