Naxçıvanda hansı partiyanın yerli şöbəsi var? – Sədrlərdən maraqlı cavablar

Son vaxtlar Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovla bağlı müxtəlif sensasion məlumatlar yayılır. Sözügedən informasiyalardan biri də V.Talıbovun Muxtar Respublika ərazisində siyasi partiyaların fəaliyyətinə qadağa qoyması ilə bağlıdır.

Mövzu ilə bağlı Globalinfo.az bir neçə partiya ilə əlaqə saxlayıb.Onlardan Naxçıvanda şöbələrinin olub-olmadığını soruşub.

Azərbaycan Xalq Partiyasının sədri (AXP) Pənah Hüseyn bildirib ki, hazırda onların Naxçıvanda şöbələri fəaliyyət göstərmir:

“1999-cu ildə iki, ya üç rayonda ərazi təşkilatı yaranmışdı. Sonra Bədrəddin Quliyev özü partiya yaratdıqdan sonra üzvlərlə əlaqəmiz kəsildi”.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı bildirib ki, onların Naxçıvan şöbəsi mövcuddur:

“Bizim Naxçıvanda ilk günlərdən həm şəhər, həm də rayon şöbələrimiz fəaliyyət göstərib və bu gün də mövcuddur”.

AĞ partiyanın sədr müavini Əhəd Məmmədli bildirib ki, Naxçıvanda onların partiyasının üzvləri var:

“Üzvlərmizin olmasına baxmayaraq, ofisimiz yoxdur. Digər rayonlarda olduğu kimi, gələcəkdə orada da ofis açmaq istəyərik”.

Milli Cəbhə Partiyasının (MCP) sədri Razi Nurullayev isə Naxçıvanda siyasi partiyaların qadağası ilə bağlı məlumatı olmadığını bildirdi:

“Bizim partiyanın əvvəl Naxçıvanda şöbəsi var idi. Amma orada çalışan şəxs xaricə köçdüyünə görə, şöbə bağlandı. Təbii ki, uyğun bir şəxs tapılarsa, mütləq Naxçıvanda təkrar şöbə yaradacağıq”.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu təzyiqlər nəticəsində şöbəni bağlamalı olduqlarını bildirib:

“Kəskin təzyiqlər və qanunsuz rəftarlar nəticəsində Naxçıvandakı yerli təşkilatımız fəaliyyətini dayandırdı. Təbii ki, orada başqa şərait yaranarsa, yenidən təşkilat yaradarıq. Hətta orada ofisimiz də var”.

Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafa onların Naxçıvanda şöbəsi olduğunu bildirib:

“Şöbəmiz var və hazırda fəaliyyət göstərir. Bizim şöbəmizlə bağlı ləğv etmə yoxdur”.

Zaira Akifqızı
Globalinfo.az