Əməliyyat mesajı verildi: Azərbaycan Ordusu bura nəzarəti ələ keçirə bilər

 

“Ermənistan 10 noyabr bəyanatının müddəalarını kobud və açıq şəkildə pozaraq humanitar məqsədlər üçün yaradılan Laçın dəhlizindən hərbi baxımdan istifadə edir. Bu, faktiki olaraq rəsmi İrəvanın işğalçı siyasətindən əl çəkmədiyinin göstəricisidir. Biz buna dərhal son qoymalıyıq”.

Bu sözləri Globalinfo.az-a Azərbaycanın keçmiş xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun Laçın dəhlizi ilə bağlı Ermənistana xəbərdarlıq etməsini şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Ermənistana Laçın dəhlizindən yalnız humanitar məqsədlər üçün istifadəyə icazə verib:

“Rəsmi İrəvan başda olmaqla hər kəs birmənalı şəkildə başa düşməlidir ki, Laçın bizim ərazimizidir. Bizim Laçında və digər bəzi ərazilərdə müvəqqəti xüsusi rejimin tətbiqinə icazə verməyimiz o demək deyil ki, suverenliyimizdən imtina etmişik.

Bu gün Rusiya sülhməralılarının müvəqqəti nəzarətində olan ərazilərdə 2021-ci il istehsalı minalar aşkarlanır. Ermənistanın Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə etməsinin məsuliyyətini Rusiya sülhməramlıları daşıyır. Sülhməramlıların icazəsi olmadan Ermənistan Laçın dəhlizindən nəinki silah-sursat, bir ədəd mərmi belə keçirə bilməz. Sülhməramlılar ermənilərin bu təxribatına açıq şəkildə göz yumur”.

T.Zülfüqarov vurğulayıb ki, bu fakt Laçın dəhlizində Azərbaycan postlarının qurulmasının vacibliyini aktuallaşdırır:

“Yəni Rusiya sülhməramlıları Laçın dəhlizində hərəkətin təhlükəsizliyinə cavabdeh olsa da, dövlət sərhəd xidmətinin əməkdaşları Azərbaycan ərazilərinə girib-çıxan bütün nəqliyyat vasitələrini, habelə şəxsləri yoxlamalıdır.

Ermənistan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadəni dayandırmasa, Azərbaycan dəhlizə nəzarəti ələ keçirə bilər. Bundan başqa, separatçı-terrorçulara qarşı antiterror əməliyyatının təşkil edilməsi də mümkündür”.

Turan Rzayev
Globalinfo.az