“Bu ölkədə İncili yandırmağa da icazə var” – EKSKLÜZİV açıqlama

İsveçdə yaşayan diaspor fəalı Kənan Hacıəkbəroğlu bu ölkədə müsəlmanların müqəddəs kitabı Qurani-Kərimin yandırılmasından danışıb.

O, Globalinfo.az-a deyib ki, İsveçdə hətta İncilin yandırılmasına da qadağa yoxdur:

“İsveç qanunlarına görə, bir yerə toplaşıb iki saat ərzində icazə almadan fikrini bildirmək olar, amma bu daha çox davam etsə, cinayət işi açılır. Quranın yandırılmasına gəldikdə isə, bu adam din xadimi deyil, müəyyən layihələri var və ona ancaq kitab kimi yanaşır. Quranı kilsə xadimi yandırsa, reaksiya çox ciddi olar. O, indiyədək dörd-beş dəfə Quran kitabını yandırıb, heç bir ciddi reaksiyaya rast gəlməyib. Bu, rezonans doğuracaq kütləvi tədbir deyildi”.

K.Hacıəkbəroğlu bildirib ki, mitinqdə Ərdoğanın maketinin asılmasına daha çox reaksiya oldu:

“Çünki bu gün islamı birləşdirən Türkiyə və Ərdoğandır. Bu cür hadisə dəfələrlə baş versə də, dünya ictimaiyyəti bu qədər reaksiya verməmişdi, məhz Ərdoğanın hakimiyyəti dövründə çox təpkilər oldu. Bu aksiyada təbii ki, kürdlərin və ermənilərin çox böyük rolu var. Bundan əsas ermənipərəstlər bəhrələnir. Türkiyə səfirliyi qarşısında ermənilər dəfələrlə mitinq keçirəndə azərbaycanlılar və türklər müxtəlif tədbirlərdə həmrəyliyini ifadə edib. Türkiyə və ya Azərbaycan bayrağının aşağılanmasına kütləvi şəkildə cavab vermişik”.

O əlavə edib ki, bütün dünya, bütün elmlər Qurandan bəhrələnir:

“Bunu ziyalı isveçlilər bilir və cəmiyyət qəbul edir. Amma Quran bir fərd tərəfindən yandırıldığı üçün cəmiyyət ona ciddi yanaşmır. Bizim özümüzdə də Quran çox hallarda insan öləndə istifadə olunur. Halbuki o stolüstü kitab olmalıdır. Quran bizim etiqad yerimizdir”.

Gülnar Səlimova
Globalinfo.az