Fransa-Azərbaycan münasibətlərində yenilik – Ermənistan şokda

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayevanın etimadnaməsinin Makron tərəfindən qəbul edilməsi erməniləri sarsıdıb. Ermənilər ikinci şoku Fransa Milli Assambleyasının spikeri xanım Yael Bron-Pivenin İrəvana səfərində yaşadılar. Yael Bron-Pivenin Ermənistan səfərində söylədikləri elə bizim üçün də yenilikdir.

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli Globalinfo.az-a bildirib ki, bu, Fransanın Azərbaycana qarşı mövqeyinin dəyişməsi anlamına gəlməməlidir:

“Fransa növbəti mərhələdə yenidən BMT xətti ilə Azərbaycan məsələsini müzakirəyə çıxaracaq. Təsadüfi deyil ki, Prezidentin Birləşmiş Ərəb Əmirliyinə (BƏƏ) səfərinin arxasında da həmin məqam dayanır. BƏƏ ən azından 2023-cü il boyunca BMT TŞ-nın daimi üzvlərindən biridir. Azərbaycan onun və bir sıra digər dövlətlər vasitəsi ilə Fransanın proqnozlaşdırılan hücumlarını dəf etməyə çalışır”.

Ekspert qeyd edib ki, Leyla Abdullayevanın etimadnaməsinin qəbul edilməsi onu göstərdi ki, Fransanın ənənəvi istiqamətdə siyasətdən imtina etmə ehtimalı var:

“Hesab edirəm ki, onlar bundan sonra Azərbaycanla təzyiq deyil, əməkdaşlıq və dil tapma mövqeyindən yanaşma sərgiləyəcəklər. Çünki Makronun münasibətlərində çağırışlar bu istiqamətdə idi. Ermənistan nöqteyi-nəzərindən bunu məğlubiyyət hesab etmək olar, amma Fransa-Azərbaycan münasibətlərinin düzəlməsi istiqamətində düşüncələrlə razı deyiləm. Rəsmi Parisə maliyyə resursu və qlobal erməniçilik istiqamətində çox güclü dəstək var”.

Gülnar Səlimova
Globalinfo.az