Soçi görüşü haqda məşhurlar nə yazır, nə deyir – RƏYLƏR

Oktyabrın 31-də Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşü olub.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün yekunları ilə bağlı qəbul olunan bəyanat dərc edilib.

Bu bəyanat sosial şəbəkənin Azərbaycan seqmentində ciddi müzakirə edilməkdədir.

Globalinfo.az bir neçə tanınmış şəxsin Soçi görüşü və qəbul edilən bəyanat haqda rəylərini təqdim edir.

 

 

Vüqar Bayramov, Milli Məclisin deputatı:

“Soçi görüşü Azərbaycan diplomatiyasının yeni uğuru oldu. Cənubi Qafqazda sülhün əldə edilməsi vahid yanaşma bir daha təsdiq edildi: istənilən anlaşma ölkələrin ərazi bütövlüyü və suverenliyi çərçivəsində mümkündür. Bunu Ermənistan bir daha qəbul etdi.
Tərəflər sülhün əldə edilməsi yollarını müzakirə etdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin qeyd etdiyi kimi, artıq münaqişə yoxdur. Münaqişə 2 il öncə həll edilib.
Bu dəfə də Alma-Ata Protokoluna istinad edildi. 21 dekabr 1992-ci il tarixində MDB-yə üzv olacaq 11 ölkənin imzladığı bu sənədlə dövlətlər, o cümlədən Ermənistan və Azərbaycan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyıblar.
Soçi görüşü bir daha təsdiq etdi ki, Azərbaycan bütün platformalarda öz haqlı mövqeyini təqdim edib prosesdəki mövqeyini qoruyub saxlaya bilir. Bu Azərbaycan diplomatiyasının gücüdür.
Azərbaycan daha bir uğura imza atdı. Bu uğurlar isə bizi ərazi bütövlüyümüz çərçivəsində imzalanacaq sülh anlaşmasına yaxınlaşdırır. Sülhdən isə bütün region faydalanmış olacaq.
Görüşdə çəkilən şəkillər də çox həqiqətləri deyir”.
Elxan Şahinoğlu, politoloq, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri: 
“Gözlənildiyi kimi liderlərin Soçi görüşü nəticəsiz qalıb. Rusiya prezidenti Vladimir Putin görüşü faydalı adlandırsa da, hər şeyi razılaşdıra bilmədiklərini etiraf edib. Bu bizim xeyrimizədir, çünki Kremlin “razılaşdırmaq” istədiyi məsələlər xeyrimizə deyil”.

 

 

Aygün Muradxanlı, Prime TV-nin rəhbəri:

“Şükür!!!
Soçi masasında bir qalib prezident (İlham Əliyev), bir məğlub prezident (Vladimir Putin), bir də darmadağın baş nazir (Nilkol Paşinyan) vardı.
Rusiya tam məğlub olana qədər təmkinli olmalıyıq”.