Azərbaycan-Ermənistan münasibətləri yeni mərhələdə: tək seçim qalır…

Müharibə nəticəyə yönəlik kompleks tədbirlərin ictimai-siyasi, hərbi-diplomatik, strateji və sosial məcmusu kimi meydana çıxır.

Məsələn, Ali Baş Komandan kimi Prezident İlham Əliyev çoxvektorlu fəaliyyət üzərindən qələbəyə gedən yolun daşlarını düzdü, yeni düşüncəli nəsil hazırladı, silahlanma üçün ideal resurslar əldə etdi, siyasi münasibətlərdə qlobal güc təminatını qurdu, daxili dəstəyin tam həcminə nail oldu.

Son 30 ilin dağıdıcı və məğlubiyyət əsaslı sosial-psixoloji düşüncəni hərbi və torpaqlarını işğaldan azadetmə hirsi üzərində adaptasiya edərək, iqtisadiyyatı yeni, idarəetməsi mobil və adekvat komanda təsis etməklə ölkə üçün isə regional və qlobal güc balansında mühüm müttəfiqlərlə anlaşdı.

Hətta yüz ildən bir təkrarlanan epidemiyanın dövrümüzə təsadüf etməsini bəzilərinin “2020-ci il müharibəsində COVID-19-da Əliyevin müttəfiqi idi” fikri ilə maraqlı formada tamamlamaları vəziyyətin ən ideal şərhi idi.

Azərbaycanın əldə etdiyi qalibiyyətinin tarixi ardıcıllıqla davamının birgünlük əməliyyatlarla tamamlanması ölkənin mövcud olduğu son yüz ildə ilk dəfə suverenliyini, ərazi bütövlüyünü bərpa etməsi kontekstində qiymətləndirilməsi tarix qarşısında ən mühüm hadisədir deməliyik.

Bəli, qalibiyyət bizə nəzərdə tutulan strateji vəzifələrin icrasını reallaşdırmağa imkan verdi, amma günün əsas sualı açıq qalmaqdadır.

Əziz Əlibəyli

Bundan sonrakı mərhələ nədir və ölkədə hansı daxili və xarici siyasi xətti izlənməlidir

1. Qəbul etməliyik ki, dünyada bütün formalarda savaşlardan sonra mütləq sülh gəlir. Ermənistan və havadarlarının sayəsində bölgə xüsusilə son 30 ildə minlərlə insanın faciəsinə, yüz minlərlə insanın məcburi köçkünə çevrilməsinə səhnə oldu. Amma Azərbaycanın qalibiyyəti prosesi bitirdi və ərazi bütövlüyünün təminatı imkan verir ki, artıq dövlətimiz əldə elədiyi QƏLƏBƏ məfhumu üzərindən gələcəyə – sülh və əməkdaşlıq təlqini ilə baxsın.

2. Cəmiyyəti daim militarizm ruhunda saxlamaq Ermənistan təcrübəsindən də göründüyü kimi faciə və geridönüşü olmayan bədbəxtliklərə vəsilədir.

3. Müharibələr əbədi deyil və dəyişməz ritorika amansız formada SSRİ presedentini doğurur, almanları məğlub etdikdən sonra ələ keçirdiyi Avropa ölkələrində etdikləri rəsmi formada işğal idi və haqsız idi.

4. Heç bir cəmiyyət işğal ab-havası üzərində, travmalarla yaşaya bilməz, əks halda kütləvi psixoz cəmiyyətin tonusunu, özgüvənini düşürür və o, mənəvi depressiyaya qapılır.

5. Militarist ritorikanın siyasətə alət olması Ermənistan planının reallaşması deməkdir. Çünki İrəvan bütün dünyaya bəyan edir ki, “Azərbaycan məni tanımır”. Axı hamımız bilirik ki, əslində bu, belə deyil.

6. Ölkənin rəsmi dövlət siyasəti reinteqrasiya planı üzərindən açıqlandı. Üzərimizə gələn beynəlxalq qurumlar insan haqları, humanitar hüquq və s. təsir alətləri ilə bizi ittiham etməyə əsas formalaşdırmaq yolunu tutsalar da, reinteqrasiya planı bunu alt-üst etdi. Planın ciddi və ətraflı təbliğata ehtiyacı var.

7. Militarist baxışın və ritorikanın davamlılığı Böyük Qayıdış üçün nəzərdə tutulan resursların səhv istiqamətə xərclənməsinə aparar.

8. Ermənistanla danışıq və münasibət tonunun sərtliyi, silah dili bütün əks və güclü qüvvələri regiona daşıyır, biz ABŞ-ın hərbi təlimlərini, İranın Sünikdəki konsulluğunu, Fransanın Göyçədəki missiyasını xatırlasaq, kifayətdir. O zaman sərt olmağa məcbur idik. Onlar da bizim sərt baxışlarımızı sui-istifadə edirdilər. İndi isə maraqlarımız təmin edildi, deməli, qlobal güclər üçün hədəf verməməliyik.

9. Daimi düşmən münasibət əbədi düşmənçiliyin yaşaması deməkdir.

10. Bölgəni açmasaq, Qarabağı demirəm, Zəngəzuru və ümumiyyətlə sülhü, iqtisadi inkişafı əldə edə bilməyəcəyik.

11. Heç bir azərbaycanlı Şəhidlər xiyabanını, itkilərimizi, faciələrimizi, qan yaddaşımızı unuda bilməz. Biz bütün bunlara görə savaşdıq və qalib gəldik, indi biz sülhü diqtə dönəminə qədəm qoymaqdayıq.

12. Məğlub olan ölkənin sülhdən başqa yolu yoxdur, qalib gələn ölkənin də sülhdən başqa yolu yoxdur.

Əziz Əlibəyli
STM-in department rəhbəri