Paşinyanın arvadı “Erato” dəstəsinin qadınlarından üzr istədi

Ermənistan baş nazirinin həyat yoldaşı Anna Akopyan iki il əvvəl Qarabağdakı 44 günlük müharibə ərəfəsində yaratdığı “Erato” adlı qadın hərbi dəstəsinin üzvlərindən üzr istəyib.

Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, Anna Akopyan bu barədə özünün Facebook səhifəsində yerləşdirdiyi müraciətində yazıb.

O qeyd edib ki, müharibə zamanı erməni əsgərini tək qoymamaq, ona yaxın olmaq üçün qadınlardan ibarət dəstə yaradıb.

“Dəstəyə yazılan qadınların bir qisminin oğulları çağırışçı olub, yəni döyüş meydanında idilər, bəziləri isə müxtəlif səbəblərdən müharibəyə getməyən qardaşlarının yerinə hərbi xidmətə gəlmişdilər”.

Anna Akopyan bildirib ki, müxtəlif motivli çağırışçı qadınlardan ibarət dəstəyə 5-8-ci əsrlərdə yaşamış erməni kraliçası Eratonun adını verib.

Akopyanın sözlərinə görə, 44 günlük müharibədən sonra keçən iki ildə “Erato” dəstəsinin qadınları mənəvi zərbələrə məruz qalıblar

“Bu qadınlar şərəfsiz sütununa mıxlandılar, daşqalaq edildilər, məsxərəyə qoyuldular, nifrət qazandılar, biabır edildilər, təqiblərə məruz qaldılar, bəziləri işindən, bəziləri təhsildən qovuldu. Mən onlardan üzr istəyirəm ki, onların lağ hədəfinə çevrilməsinə səbəb oldum”.

A.Akopyan deyib ki, Ermənistan cəmiyyəti “Erato” dəstəsinin qadınlarının təqib edilməsinə və məsxərəyə qoyulmasına susmaaqla onu xəyal qırıqlığına uğradıb.