Ruslar Kiyevə yeni hücum hazırlayır: müharibə daha qanlı mərhələyə keçir

Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu ötəngünkü açıqlamasında deyib ki, 2023-2026-cı illərdə Rusiya ordusunu genişmiqyaslı dəyişikliklər gözləyir. O bildirib ki, ordunun sayı 1,5 milyon nəfərə çatdırılacaq.

S.Şoyqunun bu sözləri onu deməyə əsas verir ki, rəsmi Moskva ciddi hərbi hazırlıq içərisindədir.

Maraqlıdır, Rusiyanın həm ordu sayını artırması, həm də modernləşdirməsi nədən xəbər verir?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna müharibəsinin gedişi onu göstərdi ki, Rusiya ordusunda ciddi problemlər var:

“Doğrudur, müharibənin uzanmasının fərqli səbəbləri, xüsusilə bu prosesdə hər iki tərəfin – Qərb və Rusiyanın çatmaq istədikləri hədəflərinə nail olmaq istəyi var və bu hədəflərə çatmayana qədər döyüşlər davam edəcək.

Misal üçün, ABŞ Avropanı tam nəzarətə götürmək istəyirdi, buna böyük ölçüdə nail oldu. Rusiya isə hədəfinə nail ola bilməyib. Donbası tam ələ keçirmək, mövqe müharibəsi ssenarisini tətbiq etmək və danışıqlar masasına əyləşmək istəyirlər. Hərçənd, müharibə rus ordusunun bərbad olduğunu təsdiqlədi. Bu vəziyyətdə ordunun yenidən qurulması qaçılmazdır”.

Ekspertin sözlərinə görə, Rusiya 2023-cü ildə Ukrayna cəbhəsində istəyinə çatmağı planlaşdırır, müharibədə komandanlığın dəyişikliyi də buna hesablanıb:

“Görünən budur ki, həlledici döyüşü həyata keçirmək niyyətindədirlər. Bu ssenaridə canlı qüvvə və sursat ehtiyatı önəmlidir. Qərb mediası Ukraynaya verilən sursatların tükənmək təhlükəsindən yazır, Rusiyanın belə problemi yoxdur. Hesablamalara görə, bu ilin sonuna qədər sursat baxımından Rusiyanın üstünlüyü davam edəcək. Rusiya ordusunun canlı qüvvə problemi yaranıb, indi bunu həll etmək istəyirlər. Sadəcə olaraq, bu qədər canlı qüvvənin yığılması hədəflərin daha böyük ola biləcəyi gözləntisini də yaradır. Mümkündür ki, ruslar Kiyevə hücum ssenarisini yenidən təkrarlaya bilərlər. Bunun icra edilməsi əvvəlki hücumla müqayisədə çox çətindir, amma ikinci dəfə baş verərsə, müharibənin indiyə qədər görmədiyimiz daha qanlı mərhələsi olacaq”.

Turan Rzayev

Globalinfo.az