“Priqojin hər an yenidən hərəkətə keçə bilər” – Rusiya müharibədən geri çəkiləcək?

Müharibənin ilk günündən Ukraynada əsas tapşırıqları həyata keçirən “Vaqner” birləşməsinin hakimiyyət çevrilişinə cəhdindən sonra müharibənin taleyinin necə olacağı müzakirə edilir. Əsas kilid nöqtələrindən biri hesab olunan Baxmutda bir müddət öncə vaqnerçilərin mövqelərini rus ordusunun tutması, əsas ağırlığın artıq onların üzərinə keçməsi Kremlin uğursuzluğunun carçısı kimi dəyərləndirilir.

Xüsusilə Vladimir Putinin ən yaxınlarından olan qruplaşmanın rəhbəri Yevgeni Priqojinin xəyanəti ölkədə və orduda ab-havanı tamamilə dəyişib, Kremlə inama zərbə vurub.

Bəs son hadisələr Ukrayna-Rusiya müharibəsinin taleyinə necə təsir edəcək?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, vaqnerçilərin geri çəkilməsi Rusiya daxilində vəziyyətin normala qayıdacağı demək deyil:

“Son baş verən hadisələr artıq Rusiya ordusu daxilində psixoloji gərginliyin yaranmasına səbəb oldu. Hər nə qədər “Vaqner”in rəhbəri Yevgeni Priqojin geri çəkilməyə razılaşsa da, bu, Ukraynada davam edən müharibəyə ciddi təsir göstərəcək. Çünki ordu artıq parçalanmış bir vəziyyətdədir. Daxildə Priqojinə qarşı çıxanlarla yanaşı, ona dəstək verənlər də vardı. Təsəvvür edin, bir tərəfdə müharibə meydanında döyüşlər gedir, digər tərəfdə isə ölkə daxilində ikinci bir cəbhə açılıb, yüksək hazırlıqlı 25-30 min nəfərlik ordu iri şəhərləri ələ keçirir. Qruplaşma üzvləri razılıq nəticəsində silahı yerə qoysalar belə, bu təhdid davam edir. İstənilən an “Vaqner” yenidən hərəkətə keçə bilər. Çünki razılıq ümumi telefon danışığı vasitəsilə əldə olunub, rəsmi deyil. Hətta rəsmi olsa belə, başçının tələbi yerinə yetirilmədiyi müddətdə bunun silahlı qruplaşma üçün heç bir əhəmiyyəti yoxdur.

Hazırkı Krem hakimiyyətinin ona qarşı dirənişi də asan məsələ deyil. O baxımdan baş verənlər ciddi diqqətə alınmalıdır. Rusiya əhalisi və ordusu daxilində parçalanma sürətlənəcək. Onun işğalçılıq siyasətinə də ciddi təsirlər olacaq, bu, qaçılmazdır. “Vaqner”in son addımları ölkə daxilində ciddi çatların yaranmasına gətirib çıxaracaq”.

Ayşən Mustafa
Globalinfo.az