Prezidentliyə namizədlər İlham Əliyevdən bu addımları gözləyirlər – AÇIQLAMA

7 Fevral növbədənkənar prezident seçkilərinin nəticəsi açıqlandıqdan sonra ictimaiyyəti maraqlandıran məsələlərdən biri də kadr, struktur dəyişikliyinin olub-olmayacağıdır.

Prezidentliyə namizədlər kadr və struktur dəyişikliyi ilə bağlı nə düşünür? Yeni mərhələdə hansı yeniliklər gözləniləndir?

Mövzunu Globalinfo.az-a şərh edən prezidentliyə keçmiş namizəd, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri, deputat Zahid Oruc qeyd edib ki, əvvəlcə 2018-ci ilə nəzər salmaq lazımdır:

“Prezident seçkilərindən sonra İlham Əliyevin verdiyi ən mühüm açıqlamalardan biri namizədlər, onların tərəfdarları, cəmiyyət, media və prosesdə yer alan bütün qüvvələrin mövqelərinin sistemləşdirilərək ölkənin gələcək həyatı üçün nə qədər önəmli olacağı aspektindən qiymətləndirilməsidir. ATƏT-in müşahidə missiyasının “daha sərt tənqidlər olmadı” kimi rəyinə o dövrdə ölkə başçısı belə bir reaksiya vermişdi: “Burada böyük yanaşmalar var və ölkəmizin gələcək həyatı üçün bunları çox faydalı sayırıq”.

İndi prezident seçkilərinə qoşulan hər bir qüvvə özünün müxtəlif planlarını, proqramlarını, baxışlarını ifadə etdi. 34-35 il bundan əvvəl Sovet İttifaqının dağılması fonunda bizə öz iradəmizdən kənarda gündəlik diktə olunmuşdu. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da haqlı olaraq bildirir ki, öz gündəliyimizi özümüz formalaşdırmalıyıq. İndiki halda milli gündəliyin yenilənməsindən danışırıq. “Qarabağ kimi böyük dərdimiz var” ifadəsi nə idarəetmə, nə də ictimai həyat üçün keçərlidir. Bu proqramlar sıfırlandı və yenisi yazılır.

Zahid Oruc

Hansı məsələlər önə çəkilməlidir? Burada yalnız kadr və struktur dəyişikliyi deyil, media fəaliyyətinin aktivləşməsi, cəmiyyətlə dialoq platformalarının gücləndirilməsi çox önəmlidir. İnsanların dövlət və siyasət həyatına daha çox bağlanmasını, öz mövqeyini bəyan etməsini təmin etməsək, əhalidən kənarda qalsaq, şikayət və müraciətlər daha çox ölkə başçısına, yaxud da vitse-prezidentə yönələcək. Bu halda aşağı qurumların fəaliyyətindəki nöqsan, qüsur və qanunsuzluqların digər yuxarı qurumlara doğru daşındığının şahidi olacağıq. Ona görə də ictimai inamı daha güclü formada əldə saxlamaq lazımdır.

27 sentyabr 2020-ci ildə Ali Baş komandanın çağırışına cəmiyyət necə səfərbər oldusa, 7 fevral da onun silahsız tərkib hissəsi idi. Əslində burada silaha “hər bülletenin özü bir “Bayraqdardır” devizi ilə yanaşmaq lazımdır. İnsanlar inam göstərdi. Heç bir süni təşkil milyonlarla insanın məntəqələrə gəlişini təmin edə bilməzdi. Bu cür yüksək səslə, nüfuzla ölkə rəhbərliyinin seçilməsi onu göstərir ki, İlham Əliyev milli lider statusunda yalnız hökuməti, hakim partiyanı deyil, ölkəni təmsil edir.

Bu bir sıra sahələrdə addımların atılması üçün çox böyük resursdur. Elə bir ölkə var ki, əhalinin 25 faizinin səsi ilə baş nazir, yaxud da prezident seçmək mümkündür. Bu da siyasi azlığın təmsilçisi kimi xarakterizə olunur. Bir müddət sonra siyasi böhranların baş verməsinə gətirib çıxarır. Bizdə isə bu, fərqlidir”.

Prezidentliyə digər keçmiş namizəd, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev hökumətin tərkibində ciddi dəyişikliklərin olacağını gözləmir:

Qüdrət Həsənquliyev

“Bir neçə dəyişiklik olduqdan sonra islahatlar aparılmalıdır. Xüsusən də iqtisadi sahədə islahatlar qaçılmazdır. Ona görə ki, ölkədə iş yerlərinin açılması üçün mütləq iqtisadiyyata investisiya artırılmalıdır. İnvestisiya şərtlərinin qoyulmasını asanlaşdırmaq üçün həm də hüquqları və mülkiyyəti qoruyan məhkəmə-hüquq islahatlarına ehtiyac var. Bu istiqamətdə addımların atılması, struktur islahatları da gözləniləndir. Lakin ciddi dəyişikliklərin olacağını düşünmürəm, çünki bunun üçün mütləq referendum keçirilməli və konstitusiya dəyişilməlidir”.

Böyük Azərbaycan Partiyasının (BAP) sədri, prezidentliyə namizəd olmuş Elşad Musayev məsələyə belə münasibət bildirib:

Elşad Musayev

“Hakimiyyət nümayəndələrinin və İlham Əliyevin verdiyi mesajlara görə müharibədə qalib gəldikdən sonra yeni şərait yaranıb. Yeni şəraitdə də xeyli yeniliklər gözlənilir. Ölkənin siyasi qüvvələri, müxalifət də bu istiqamətdə müəyyən vaxt tanımalıdır. Əvvəl seçkilərdə qalib gəlmiş prezidentə 100 gün tanınırdı. Həmin müddət ərzində o, öz proqram və planını açıb ortaya qoyurdu. İndiki halda da ölkə prezidentinə müəyyən vaxt tanınmalıdır ki, yeniliklərlə bağlı mövqeyini nümayiş etdirsin. Kadr, struktur dəyişikliyinə, iqtisadi, sosial və s. sahələrdə yeniliklərə ehtiyac var. Bu istiqamətlərdə addımların atılması gözləniləndir”.

Safura Bənnayeva
Globalinfo.az