Rusiya Praqa razılaşmasına güllə ata bilər – Qərbin Qafqazda sülh yaratmaq cəhdi, Moskvanın təpkisi

 

Praqada keçirilən dördlü görüş ümidverici nəticə ilə yekunlaşıb. Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü tanıdığını bəyan edib. Hər iki ölkə BMT Nizamnaməsinə və 1991-ci il Alma-Ata Bəyannaməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Ən əsas odur ki, Ermənistan Qarabağ iddiasından əl çəkir. Qarabağın Azərbaycanın ərazisi olduğunu etiraf edir.

Xatırladaq ki, oktyabrın 6-da Praqada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş olub. Görüşə Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel də qatılıblar. Dördlü görüş oktyabrın 7-si gecə saatlarına kimi davam edib.

Sülhə doğru addım atıldı. Qərbin vasitəçiliyi ilə gedən proses deməyə əsas verir ki, enində-sonunda savaş bitəcək, sülh olacaq. Hər şeyin başlanğıcı kimi, sonu da var! Bir mərhələnin sonuna yaxınlaşmışıq. Güney Qafqazda müharibə dayanarsa bu, Rusiyanın özünüifadə imkanının tükənməsi demək olacaq. Qərb Ermənistanla Azərbaycan arasında sülhün olmasında həm də buna görə marqlıdır. Rusiya keçmiş SSRİ məkanında mövcudluğunu, dominantlığını separatçılığı dəstəkləməklə (əslində yaradıb, idarə etməklə), bir də müharibə ocaqları yaratmaqla qoruyub saxlayır.

Sülhə doğru addımlar və yekunda sülh müqaviləsinin bağlanması ermənizmin süqutu deməkdir. Regionu 100 illərlə geri salan, inkişafdan qoyan bu xəstəlik birdəfəlik “müalicə” edilməlidir. Bu baş verərsə, Qafqaza sabitlik, əmin-amanlıq gələcək. Bundan Ermənistan daxil, bütün region ölkələri, xalqları fayda görəcəklər.

Sülh prosesinin başında Azərbaycanla Türkiyə, Əliyevlə Ərdoğan dayanıb. Bu iki liderin təklifləri, təkidləri, iradələri regionun və həm də Ermənistanın xilası deməkdir. 100 ildən artıq davam edən siyasi-hərbi münaqişəyə son vermək missiyası yenə türkün taleyinə yazılıb.

Azərbaycanla Türkiyə Qafqazda ötən əsrin əvvəllərində – 1918-ci ildə sülhü bərqərar edib. Qafqaz İslam Ordusu Azərbaycandan başlayaraq böyüyən erməni-bolşevik terrorunu dayandırıb.

Tarix təkrar olur. Bu dəfə tarixdən dərs alaraq tarixi təkrarlamaqda fayda var. Buralarda sülhü dayanıqlı etməyə ciddi ehtiyac duyulur. Rusiya yenə cild dəyişdirib, türk-müsəlman coğrafiyasına girə bilməməlidir.

Düzdür, nə Azərbaycan 100 il əvvəlkidi, nə Türkiyə. Şərtlər, dəngələr fərqlidir. Rusiya da Lenin-bolşevik Rusiyası deyil. İndi Türkiyə və Azərbaycanla müttəfiqlik Moskvanın daha çox işinə yarayır. Qərbdən gələn bütün növ təzyiqin qarşısında dayanmaq o qədər asan və uzunömürlü olmaya bilər. Ukrayna müharibəsi başlayan gündən Putin Türkiyənin qiymətini anladı, Ərdoğanın təsir gücünü gördü.

Praqa görüşündən sonra sərhəddə növbəti təxribat olacağına dair narahatlıqlar eşidilir. Əsas da Azərbaycan ictimaiyyəti bundan rahatsızdır. Hər dəfə sülh mövzusu dövriyyədə olanda Ermənistan tərəf təxribata əl atır, proses ləngiyir, ümidlər azalır, ömürlər, talelər yarıda qırılır. Qərb, Türkiyə, həmçinin Azərbaycan, Ermənistan Rusiyanın, yaxud bir başqa qüvvənin sülhə güllə atmaması üçün əllərindən gələni etməlidirlər. İki xalq arasında qalıcı sülhün olmasında kimin səmimi olduğu indən sonra daha qabarıq şəkildə görünəcək.

Böyük dəyişikliklərə şahidlik etməkdəyik. Tarixi proseslər yaşamaqdayıq. Hər şeyin yaxşı olacağına inamımız yüksəkdir. Hər şey yaxşı olmalıdır. Bu, yeganə nicatımız, gələcəyimizi qurmağımızın tək yoludur.

Azər AYXAN, Əməkdar jurnalist

Globalinfo.az