Paris merinin müşaviri Xankəndiyə gəlib?

Azərbaycanın rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında yerləşən Xankəndi şəhərində fəaliyyət göstərən separatçı dəstənin “xarici işlər naziri” Sergey Qazaryan bu gün Paris merinin müşaviri Ann İdalqo Jan-İv Kamyu ilə görüşüb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə separatçı dəstənin “xin”i məlumat yayıb.

Görüşdə “Qarabağın total blokadası”, “ağır humanitar vəziyyət” və s. ənənəvi erməni yalanları müzakirə edilib.

Paris merinin müşaviri təmsil etdiyi qurumun mövqeyini çatdırıb və bu da ənənəvi Fransa yanaşmasından fərqlənməyib.

Əsas məsələ bu görüşün harada keçirilməsidir. Separatçı dəstə görüş yeri haqda heç bir açıqlama verməyib, yalnız “Qazaryanın Jan-İv Kamyunu qəbul etməsini” vurğulayıb.

Görüşlə bağlı yayılan fotoda separatçı dəstənin əski parçası da görünür. Bu baxımdan görüşün Xankəndidə keçirilməsi ehtimalı gündəmə gəlir. Jan-İv Kamyu Xankəndiyə necə gedib? Yaxud Qazaryan “blokadada olduğu” bildirilən Xankəndidən İrəvana necə gedib, orda “görüşlər” keçirə bilir?