nigarrr

“Kanal S” televiziyasının aparıcısı Nigar Fərhadın efirdə səsləndirdiyi fikirlər ətrafında müzakirələr davam edir. “Oğluma atasız qız almaram” deyən aparıcı sərt tənqidlərlə üzləşib. Digər tərəfdən, Audiovizual Şuranın iclasında kanalın yayımının 24 saatlıq dayandırılması ilə bağlı müvafiq qərar qəbul olunsa da, bu, ictimaiyyəti qane etməyib. Bir sıra sosial şəbəkə istifadəçiləri aparıcının işdən azad olunmasını və ya efirdən uzaqlaşdırılmasını istəyir.

Globalinfo.az-a danışan media eksperti Zeynal Məmmədli deyib ki, bu məsələdə Audiovizual Şuranın qərarına ehtiyac yox idi:

“Qərarı televiziya rəhbəri verməlidir. Jurnalistikanın hansı prinsiplərinin pozulmasına diqqət etmək lazımdır. Ümumiyyətlə, adamın məqsədi insanları məlumatlandırmaqdırsa, onu jurnalist kimi qəbul edirik. Amma insanları əyləndirirsə, o zaman jurnalist deyil. Təəssüf ki, Azərbaycan televiziyasında hamısı bir-birinə qarışıb. Bu məsələdə önəmli olan cəza deyil, aparıcının etdiyinin yarıtmaz və uyğunsuz hərəkət olduğunu başqa jurnalistlərə çatdırmaqdır”.

zeynal

Zeynal Məmmədli

Ekspert bildirib ki, Nigar Fərhadın cəzasını televiziya müəyyənləşdirməlidir:

“Guya başqa televiziyalarda və sözügedən kanalda daha öncə jurnalistikanın prinsipləri pozulmayıb?! Bəlkə də həmin aparıcı daha çox diqqət mərkəzində qalmaq üçün bu fikirləri səsləndirib. Açığı, belə adamları müzakirə etməyə dəyməz. Adamın dünyagörüşünün hansı səviyyədə olduğu aydın məsələdir. Televiziyada isə belələri çoxdur”.

Qeyd edək ki, bir qədər öncə “Kanal S”in baş direktor müavini Ramin Mustafayev Manset.az-a Nigar Fərhadın “Kanal S”də yayımlanan “Sözün bitdiyi an” verilişinin yayımının sabahdan dayandırılacağını deyib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: