Paytaxtımızda hər il təşkil olunan və minlərlə vətəndaşın, eləcə də əcnəbilərin iştirak etdiyi “Bakı Marafonu” bu il də maraqlı səhnələrlə yadda qaldı. Sağlam həyat tərzinin təbliği üçün keçirilən bu marafonda iştirak edənlər arasında artıq çəkili şəxslərin, xüsusilə aktiv həyat sürməyən tanınmışların da olması diqqət çəkib. Bir qisim bunun marafona əlavə rəng qatdığını deyir, digər qisim isə həmin şəxslərin belə yarışlarda iştirak edərkən bəzi qaydalara əməl etməli olduqlarını vurğulayır.
Qaçış və ya intensiv fiziki fəaliyyət zamanı nələrə diqqət edilməlidir?
Globalinfo.az-a danışan Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib ki, artıq çəki, xüsusilə uzun məsafəli qaçış zamanı ürək və damar sisteminə əlavə yük yaradır:
“Bu isə bəzi hallarda ciddi sağlamlıq riskləri ilə nəticələnə bilər. Qaçış, ümumiyyətlə, sağlam insanlar üçün təhlükəsiz hesab olunsa da, nadir hallarda məşq zamanı ani ölüm halları baş verə bilir. Bunun əsas səbəbləri arasında latent ürək xəstəlikləri, kardiomiopatiya və aritmiyalar yer alır. İdmanla məşğul olarkən, xüsusilə artıq çəkili və ya xəstəlik tarixi olan şəxslər bir sıra tədbirlərə diqqət etməlidir”.
Rəşad Mahmudov
R.Mahmudov bildirib ki, fiziki müayinə lazımdır:
“Qaçışa başlamazdan əvvəl həkim tərəfindən ürək-damar sistemi yoxlanılmalıdır. Düzgün qidalanmaq və kifayət qədər su qəbul etmək vacibdir. Enerji içkilərindən də qaçmaq lazımdır. Artıq çəkili şəxslər uzun məsafələrə başlamamalıdırlar. İsti və rütubətli havalarda idman fəaliyyəti riskləri artırır”.
Mütəxəssisin sözlərinə görə, simptomlara diqqət edilməlidir:
“Qaçış zamanı nəfəs darlığı, başgicəllənmə, döyüntü pozğunluğu və ya hər hansı qeyri-adi simptom görünərsə, dərhal məşq dayandırılmalı və tibbi yardım axtarılmalıdır. Qaçış sağlamlıq üçün faydalıdır, amma düzgün hazırlıq, tibbi yoxlama və diqqətlə yanaşmaq ölüm riskini minimuma endirir”.
Zaira Akifqızı
Globalinfo.az