Kissincer Ukraynaya müharibənin həlli yolunu GÖSTƏRDİ

ABŞ-ın keçmiş dövlət katibi və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş Henri Kissincer hesab edir ki, Rusiya-Ukrayna hərbi münaqişəsinin yeganə həlli Ukraynaya neytral statusun verilməsi ola bilər.

Globalinfo.az Modern.az-a istinadən xəbər verir ki, o, bu barədə “Liderlik: Dünya Strategiyasının Altı Dərsi” kitabında yazıb.

Kissincerin sözlərinə görə, Ukrayna NATO-ya daxil olanda alyansın sərhədi Moskvadan 300 mil məsafədə olacaq.

O, həmçinin qeyd edib ki, geniş ərazisi olduğu üçün Rusiya “daimi etibarsızlıq hissindən” əziyyət çəkir. Ancaq Kissincer Ukraynaya neytral status veriləcəyi təqdirdə ölkənin təhlükəsizliyinin necə qorunacağını izah etməyib.

Kissincer may ayında da analoji fikri gündəmə gətirmişdi. O bildirib ki, Rusiya və Ukrayna müharibədən əvvəlki status-kvoya qayıtmalıdır. Henri Kissincerin mövqeyi Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən tənqid edilib.