Kamil Zeynallı İrəvana aparılır? Əsl saxlanılma səbəbi… – ŞOK/VİDEO

İdmançı Kamil Zeynallı Rusiyada polis əməkdaşları tərəfindən saxlanılıb. Bildirib ki, polislər onun Ermənistan tərəfindən axtarışa verildiyini və buna görə də Ermənistana təhvil verəcəklərini deyiblər.

Əvvəla, bildiyim qədər, K.Zeynallı İkinci Qarabağ müharibəsində aktiv rol almayıb. Bunu onun döyüşlərdə iştiraka görə medal almaması da təsdiqləyir. Zeynallı əsasən arxa cəbhədəki proseslərdə vətəndaşlıq borcunu yerinə yetirib.

İndi gələk K.Zeynallının saxlanılma məsələsinə…

Rusiya ilə əlaqələrimiz, Ermənistanla isə münaqişəmiz o qədər çoxşaxəlidir ki, burada bir neçə versiya gündəmə gələ bilər.

Təbii, məsələdə Rusiyanın hansısa maraqlarının olması da güclü ehtimaldır, lakin… hələlik İrəvan variantı üzərində düşünək.

Ermənistan Kamil Zeynallıdan necə istifadə edə bilər?

İlk ağıla gələn variant onun Bakıda həbsdə saxlanılan separatçılardan biri ilə dəyişdirilməsi cəhdidir. Ötən gün Ermənistanda Nikol Paşinyan əleyhinə etirazlar başlayıb. Bu barədə Globalinfo.az-da məlumat vermişdik. Hətta parlamentdə onun istefasının müzakirəsi məsələsi də gündəmə gəlib. Paşinyan özünə qarşı etirazların artdığı bir məqamda “Kamil Zeynallı” kartı ilə divident qazanmaq istəyə bilər. Xatırladım ki, ötən gün ermənilərin qondarmaq “Qarabağ hərəkatı”nın 36-cı ildönümü idi. Belə bir tarixdə Paşinyanın öz əleyhdarlarına və daxili auditoriyaya “gücünü” göstərmək istəməsi mümkündür.

Kamil Zeynallının qarşılığında Ermənistan Bakıdan hansı separatçını istəyə bilər?

İlk olaraq Ruben Vardanyanın adını siyahıdan çıxarmaq lazımdır. Çünki Paşinyan üçün Vardanyan kifayət qədər güclü fiqurdur. Onun hətta Paşinyanın yerinə hakimiyyətə gələcəyi də ehtimal edilirdi. Azərbaycanın Vardanyanı qol-qıç edib həbsə atması bəlkə də Paşinyanı devrilmədən xilas etdi. Ruben dəfələrlə Nikol əleyhinə fikirlər səsləndirmişdi.

Deməli, Vardanyan Paşinyan üçün arzuolunmaz şəxsdir, potensial rəqibdir. Ona görə də Kamil Zeynallı İrəvana aparılsa, Rubenin qapısı açılmayacaq.

İkinci məsələ isə Rusiyanın “Kamil Zeynallı” kartından Vardanyan üçün istifadə etmək istəməsidir. Nəzərə alaq ki, Ruben Vardanyan Rusiya elitasına yaxınlığı ilə seçilir. Şəxsən Prezident Vladimir Putinin yaxın adamlarından olub. Lakin Qarabağdakı separatçı fəaliyyətinə görə rəsmi Bakı tərəfindən həbs edilib.

Təbii, bu, kiçik ehtimaldır, lakin ola bilər ki, Moskva Ermənistanda ehtimal hakimiyyət dəyişikliyinin olduğu bir məqamda Rubenin həbsdən azad edilib İrəvana, daha sonra hakimiyyətə gətirilməsi versiyası üzərində düşünsün. Dediyim kimi, bu, zəif ehtimaldır, ancaq siyasi proseslərdə bütün ehtimalları düşünməkdə fayda var.

Bununla belə, Azərbaycanın öz vətəndaşını azad etmək üçün mümkün vasitələrdən istifadə edəcəyi şübhəsizdir. Lakin Qarabağda terrorçuluq fəaliyyətlərində iştirak edən separatçıların azadlığı müzakirə mövzusu ola bilməz.

Ümid edir və inanırıq ki, Rusiya Kamil Zeynallını Ermənistana təhvil verməyəcək və əgər hansısa cinayətdə əli olmayıbsa, tezliklə Vətəninə qaytaracaq.

Tamerlan Yayaqan
Globalinfo.az