katz 134

İsrailin xarici işlər naziri İsrael Katz deyib ki, HƏMAS-ın atdığı son addımlar bütün Qərbə qarşı yönəlib. Əlavə edib ki, “Avropa gözlərini açıb baş verənlərlə necə rəftar etməli olduğunu öyrənməsə, İsrail və Qəzza zolağında yaşananlar digər Qərb ölkələrində də təkrarlanacaq”. Nazir buna görə də Qərbin HƏMAS-a, Fələstinə güzəşt etməməli olduğunu vurğulayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Zeynal Əmrəliyev deyib ki, İsrail HƏMAS-a beynəlxalq aləmdən heç bir dəstək gəlməməsinə çalışır:

“HƏMAS-a Avropa ölkələrindən dəstək gəlməsə də, Benyamin Netanyahu hökuməti əhali arasında mənfi fikirlərin formalaşmasına cəhd edir. Çünki Avropa ölkələrində Qəzza zolağında baş verən hadisələrlə bağlı İsrailə kəskin münasibət var. Təl-Əviv də bunun qarşısını almaq istəyir.

Zeynal Emreliyev

Zeynal Əmrəliyev

Nazir Katzın son zamanlarda Avropada xüsusilə fəallaşdığının şahidi oluruq. İsrail həyata keçirdiyi hərbi əməliyyatlarla Avropada ənənəvi müttəfiqlərini itirmək təhlükəsi ilə üz-üzədir. İtaliya, İspaniya yaxud da Şimali Avropa ölkələrində hazırda Qəzzada baş verənlərlə bağlı rəsmi Təl-Əvivə qarşı antipatiya var. Bu da həmin dövlətlərin siyasətinə təsir edir. İsrailin ənənəvi müttəfiqi olan ABŞ isə onu müdafiə edir. İsrail Avropa ölkələri kimi ABŞ-ın da dəstəyinin dayanacağından narahatdır.

Əməliyyatların dayandırılması Netanyahu hökumətinin sonu ola bilər. O da maksimum dərəcədə xarici işlər naziri səviyyəsində Avropada ideoloji təbliğat aparmağa cəhd edir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: