Ermənistanda Zəngəzur həyəcanı başladı – Bu dəfə fərqli formada

Azərbaycanın Naxçıvana İrandan keçən yolla bağlı fəaliyyətini genişləndirməsi, bu istiqamətdə mühüm irəliləyişlərin əldə olunması vaxtilə Ermənistan ərazisindən keçməsi planlaşdırılan Zəngəzur dəhlizinin kölgədə qalmasından xəbər verir. Bu hal Ermənistanda böyük narahatlıq yaradıb. Son vaxtlar erməni rəsmiləri bu istiqamətdə tez-tez müsbət açıqlamalar verirlər. 

Maraqlıdır, Zəngəzur dəhlizi gündəmdən çıxır?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiz Alıyev bildirib ki, Ermənistan baş naziri Nikol Paşinyan 10 Noyabr bəyanatında Zəngəzur dəhlizinin açılmasını öhdəlik götürüb:

“Rəsmi Bakı sözügedən bəyanatla üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirib, lakin Ermənistan müxtəlif yollarla bu məsələdə yayındı. Belə olan halda Azərbaycanda alternativ varianta keçid aldı. Ermənistan isə Zəngəzur dəhlizinin əhəmiyyətini anladığı üçün bundan istifadə etməyə çalışdı. Amma artıq rəsmi Bakı İran üzərindən keçən alternativ yolun inşasına başlayır. Ermənistan isə bu layihədən kənarda qaldı. Bu, tamamilə rəsmi İrəvanın səriştəsiz siyasətinin göstəricisidir.

Ramiz Alıyev 

Azərbaycan üçün Zəngəzur dəhlizinin Ermənistandan keçməsi o qədər də önəmli deyil, çünki alternativ yol var. Buna baxmayaraq, sülh müqaviləsi imzalanacağı və İrəvan öhdəliklərini yerinə yetirəcəyi təqdirdə Zəngəzur dəhlizi məsələsi bərpa oluna bilər”.

Safura Bənnayeva
Globalinfo.az