Fazil Mustafanı buna görə öldürmək istəyiblər: gündəmi silkələyəcək məlumat – FOTO

Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsdin arxasında İranın dayanması artıq heç kimdə şübhə doğurmur. Tehrandakı səfirliyimizdə törədilmiş hadisədən sonra Fazil Mustafaya silahlı hücum və hər iki olayda “Kalaşnikov” avtomatından istifadə edilməsi teraktın İran tərəfindən həyata keçirildiyinə dəlalət edir.

Bütün bunların fonunda İran özünü təmizə çıxarmaq üçün “kontr-arqumentlər” irəli sürür.

Kiyumərs Heydərinin ittihamları

İran ordusunun Quru Qoşunlarının komandanı Kiyumərs Heydəri son açıqlamasında Azərbaycanı sözün əsl mənasında ittiham edib.

Birincisi, Heydəri deyib ki, “Qafqazda bir neçə həssas məsələ var, onlardan biri də Azərbaycan sərhədləri yaxınlığında sionist rejim elementlərinin olmasıdır”. “İran sionist ünsürlərin region ölkələrində mövcudluğuna dözməyəcək və onlara qarşı çıxacaq”, – Heydəri bildirib.

Kiyumərs Heydəri

Əvvəlcə onu deyim ki, Azərbaycan ərazisində hər hansı xarici qüvvələrin olması ittihamı əsassızdır. Azərbaycanın belə bir şeyə ehtiyacı olsaydı, açıq-aşkar edilərdi. Ümumiyyətlə, İranın buna reaksiya verməsi Azərbaycanın daxili işlərinə müdaxilədir.

İkincisi, Heydəri bildirib ki, “2020-ci il müharibəsi zamanı Suriyadan gətirilən terrorçu qrupların regiondan çıxmasını hələ də müşahidə etməyiblər”. Başqa sözlə, Kiyumərs terrorçuların guya Azərbaycan tərəfdən döyüşlərə qatıldığı barədə iftiranı təkrarlayıb. Digər tərəfdən, o bu iddiası ilə həm də Azərbaycanı bir müddət öncə Şirazın Şahçıraq ziyarətgahında baş verən terror hadisəsini təşkil etməklə ittiham edib.

Əslində isə İran özü terrorçu dövlətdir. İran terrorundan Yaxın Şərq, Cənubi Qafqaz, hətta uzaq Yunanıstan, Kipr kimi Avropa ölkələri də əziyyət çəkir. Bu gün Suriyada İranın maliyyəsi hesabına ayaqda qalan kifayət qədər radikal silahlı qruplaşma var. Rəsmi Tehran bu qruplaşmalar hesabına Yaxın Şərqdə “şiə hilalı” adı altında terror planlarını gerçəkləşdirməyə çalışır.

İran Azərbaycanın bu ölkələrdəki səfirliklərini hədəfə alıb

Globalinfo.az bir qədər əvvəl İranın 2022-ci ildə MOSSAD-ın məlumatı əsasında Tanzaniyada həbs edilmiş “Həmid Salari” ləqəbli kəşfiyyatçısı Həmidrza Məhəmməd Əbrahın etiraflarını dərc edib.

Məlumata görə, Əbrahın Tanzaniyada əsas vəzifəsi yerli və xarici vətəndaşları təsir altına salmaq olub. Bu şəxslər vasitəsilə İsrail, ABŞ, Səudiyyə Ərəbistanı və Azərbaycanın Afrikadakı obyektlərinə hücumların təşkili, eləcə də onların izlənilməsi nəzərdə tutulub.

Əbrahın artıq Afrikadakı agentləri haqqında ətraflı məlumatı yerli qurumlara verilsə də, onun etirafları çox ciddi bir məsələnin üstünü açıb: İran Azərbaycanın Afrikadakı obyektlərinə hücumlar planlayıb.

İranın Afrika ölkələrindəki radikal silahlı qruplaşmaları 

Mümkündür ki, “Azərbaycanın Afrikadakı obyektləri” deyərkən səfirlik və konsulluqları nəzərdə tutulur. Azərbaycanın hazırda Afrikada CAR, Cibuti, Efiopiya, Misir, Əlcəzair, Sudan və Mərakeşdə səfirlikləri var.

Diqqətçəkən məqam isə son illərdə bu ölkələrə İranın nüfuz etməsi və onun dəstəklədiyi Hizbullahın günü-gündən reytinq qazanmasıdır.

Mümkündür ki, Həmidrza Məhəmməd Əbrah yoldan çıxartığı və aldadaraq İran agenturasının təsirinə saldığı şəxslər üzərindən London və Tehranda olduğu kimi, CAR, Cibuti, Efiopiya, Misir, Əlcəzair, Sudan və Mərakeşdəki səfirliklərinə də hücum planlayıb.

Onun zərərsizləşdirilməsi prosesin yekunlaşdığı mənasına gəlmir. Tehran yaxşı bilir ki, Bakı bu hücumların qarşısını almaq üçün tədbirlər görəcək. Buna görə də millət vəkili Fazil Mustafaya sui-qəsd törədərək Bakının nəzərini daxilə yönəldib, Afrikadakı səfirliklərinə hücum üçün planlar hazırlayır. Hesab edirəm, Afrika ölkələrindəki səfirliklərimizin təhlükəsizlik məsələsinə yenidən baxılmalı, hər cür təxribata hazırlıqlı olmalıyıq.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı