Erməni mediası azaraq Zəngəzurun Açanan kəndində əsir düşən azərbaycanlı hərbçi ilə bağlı absurd iddialar tirajlamağa başlayıb.
Globalinfo.az xəbər verir ki, erməni mətbuatı sözügedən iddiaları hərbi mənbələrə istinadən yaydığını bildirib.
İddia edilir ki, azərbaycanlı əsgər Zəngəzurda mühafizəçini öldürüb telefonunu aldıqdan sonra oradan qaçıb. Daha sonra isə guya telefonda xəritəni açıb və Azərbaycana gedən yolu tapmağa çalışıb. Lakin telefonun enerjisi bitdiyi üçün yaşayış məntəqəsinə yaxın meşədə azıb.
Erməni mediası yazır ki, guya azərbaycanlı əsgər bunları etməzdən əvvəl canlı yayım açıb və erməni xalqını təhdid edib.
Burada inandırıcı olmayan əsas məqam Azərbaycana keçmək üçün telefon oğurlayıb onlayn xəritə ilə yolu tapmağa çalışacaq qədər ağıllı bir əsgərin Ermənistanın ortasında canlı yayım açmağa cəhd etməsidir. Yəni planın birinci hissəsini “düşünən əsgərin” canlı yayım açıb özünü deşifrə edəcək qədər ağılsızlıq edəcəyi inandırıcı gəlmir. Digər tərəfdən, ermənilərin idda etdikləri “canlı yayım” videosunda əsgərin üzündə şişkinliklərin olduğu nəzərə çarpır. Bu, ermənilərin “təhdid olunduğu” videonun elə özləri tərəfindən hazırlanmış ssenari olduğunu deməyə əsas verir. Yəni əsgərə o sözləri zorla dedirdiblər.
Sözügedən “canlı yayımdan” kadr
Başqa bir məqam: ermənilər deyirlər ki, azərbaycanlı əsgər guya zorakılığa məruz qalıb qorxuduğu üçün hərbi hissədən qaçıb. Maraqlıdır, “qorxub” öz vətəni Azərbaycandan “qaçan” əsgər düşmən Ermənistanda necə belə cəsarətli çıxışlar edir? Bəs bu adam qorxub qaçmışdı axı! Necə ola bilər ki, “qorxan əsgər” qaniçən kimi tanıdığı erməni toplumunda belə rahat gəzir, onları təhdid edir?
Globalinfo.az xatırladır ki, ermənilər mis-molibden mədənində qətlə yetirilən mühafizəçinin güllə yarasından öldüyünü bildirirlər. Onların bu iddiasından belə çıxır ki, azərbaycanlı əsgər silahlı olub. Bəs silah hanı? Mühafizəçini “öldürəcək qədər” cəsarətlənən bir əsgər necə olur ki, silahını özündə saxlayıb onu tapan ermənilərə müqavimət göstərmir? Silahın harada olmasına erməni tərəfi özü də cavab verə bilmir. Bir qismi isə yazır ki, “azərbaycanlı əsgər mühafizəçini öldürdükdən sonra silahı atıb, amma güllələr üstündə idi”. Bu iddia da anlaşılmazdır. Silahını atan əsgərin güllələr nəyinə lazımdır?! Nə ilə atacaq o güllələri? Düşmən ölkədə “cinayət törətmiş” və həyatına təhlükə olan əsgər niyə silahını atıb güllələri saxlasın?
Göründüyü kimi, məsələ ilə bağlı bir çox suallar açıq qalır.
Qeyd edək ki, bir neçə gündür qatı duman səbəbindən azaraq Ermənistan ərazisinə keçən və ötən gün saxlanılan Hüseyn Axundovu erməni mülkilər və hərbçilər vəhşicəsinə döyərək, ağır işgəncələr veriblər və bunu sosial şəbəkələrdə paylaşıblar.
Aqşin Evrən
Globalinfo.az