Rusiya-Ukrayna müharibəsinin birinci ilinin tamam olmasına qısa bir zaman qalmasına baxmayaraq tərəflər sülhün əldə edilməsi üçün danışıqlar masasına oturmaq istəmir. Müharibənin uzanması isə istər-istəməz bir məsələni aktuallaşdır:
Rusiya-Ukrayna müharibəsinin nəticəsi necə olacaq?
Bəzi ekspertlər hesab edir ki, müharibə Rusiyanın üstünlüyü ilə yekunlaşarsa, rəsmi Moskvanın ekspansionist siyasətindən Azərbaycan da öz nəsibinini alacaq.
Müharibə Ukraynanın, dolayı yolla Qərbin lehinə yekunlaşacağı təqdirdə isə Azərbaycan, eləcə də Türkiyənin ABŞ və müttəfiqlərinin siyasi və geopolitik dominantlığı ilə üzləşəcəyi deyilir.
Maraqlıdır, bəs bizim üçün hansı variant yaxşıdır və rəsmi Bakı bu variantlardan hansını uyğun sayır?
Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Azərbaycanın xarici siyasət kursu cənab Prezident tərəfindən müəyyən edilib:
“Biz xarici siyasət kursumuza görə başqa ölkələrin işlərinə qarışmırıq. Apardığımız balans siyasəti qlobal kataklizmlər qarşısında dövlətçiliyimizi müdafiə edir. Balans siyasəti həm də Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasına təkan verib.
Azərbaycan Rusiya-Ukrayna müharibəsinin hər bir ssenarisinə hazırdır. Nəzərə almaq lazımdır ki, ölkəmiz bundan öncə də dünyada baş verən hərbi, iqtisadi, siyasi, qlobal dəyişikliklərdən, bizi gözləyən təhdidlərdən sığortalanmağı bacarıb.
Həm Rusiya, həm də Ukrayna regionumuza yaxındır və yenə hər iki ölkədə minlərlə azərbaycanlı yaşayır. Buna görə də Azərbaycan müharibənin sülh ilə bitməsində maraqlıdır. Hesab edirəm, müharibənin həm Ukrayna, həm də Rusiya lehinə bitməsi bizim üçün pisdir. Belə ki, Ukraynanın məğlub olması aydın məsələdir ki, Rusiyanın aqressiv siyasətini daha da genişləndirəcək. Bu isə ilk növbədə bizə təsir edəcək. Azərbaycanın Rusiya ilə münasibətləri hər nə qədər yaxşı olsa da, bu ssenari daxilində biz də zərər görəcəyik.
Müharibənin Qərbin lehinə sonlanması isə öz növbəsində NATO-nun Şərqə doğru genişlənməsi və yeni inqilablar ilə müşahidə olunacaq. Buna görə də biz balans siyasətini sonadək qorumalı və baş verəcək dəyişikliklərə uyğun addım atmalıyıq”.
Turan Rzayev
Globalinfo.az