secki

“Son 35 ildə ilk dəfə olaraq Azərbaycan Prezidenti Ermənistanda keçirilən beynəlxalq tədbirdə videoformatda çıxış etdi, bu, çox mühüm addım idi”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Fariz İsmayılzadə deyib.

O xatırladıb ki, tərəflərin parlament spikerləri dəfələrlə görüşüblər:

“Qeyri-hökumət təşkilatları və ekspertlər səviyyəsində ictimai diplomatiya çərçivəsində də bir sıra görüşlər keçirilib. Həm QHT nümayəndələri, həm də Baş nazirin müavinləri səviyyəsində hökumət təmsilçiləri bu görüşlərdə iştirak edib, qarşılıqlı səfərlər reallaşdırılıb. Bütün bunlar göstərir ki, qarşılıqlı sülh və etimadın formalaşması və inkişafı istiqamətində müəyyən addımlar atılır.

Ermənistan parlament seçkilərində Azərbaycan nümayəndə heyətinin iştirak edəcəyi məsələsinə gəlincə, bilirsiniz, burada müşahidə mexanizmləri müxtəlif formalarda olur.

Bu, beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilə, ikitərəfli razılaşmalar əsasında təşkil oluna və ya vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə baş tuta bilər. Ümumilikdə, beynəlxalq müşahidəçilik institutu kifayət qədər mürəkkəb formatdır və burada müxtəlif elementlər mövcuddur.

Təkcə millət vəkilləri deyil, bəzi ölkələrdə seçkiləri Mərkəzi Seçki Komissiyasının üzvləri və ya digər ekspertlər də müşahidə edir. Hansı formatdan istifadə olunacağı və ya ümumiyyətlə hər hansı müşahidə mexanizminin tətbiq ediləcəyi barədə indidən konkret fikir bildirmək çətindir”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: