“Amnistiya yox, əfv olacaq” – Hüquq müdafiəçisi

Mərhum prezident Heydər Əliyevin 100 illiyi ilə bağlı “Heydər Əliyev ili” çərçivəsində gözlənilən amnistiya haqda yeni məlumat var. May ayında reallaşacağı deyilən qərarla bağlı hüquq müdafiəçiləri vaxtaşırı açıqlamalar verirlər.

Son günlər isə amnistiya yox, əfv sərəncamı veriləcəyi haqda da xəbərlər yayılır.

Hüquq müdafiəçisi Çingiz Qənizadə bu günlərdə mediaya verdiyi açıqlamada deyib ki, may ayında mindən çox adamın əfvə düşməsinin şahidi ola bilərik. Eyni zamanda o, cəzaçəkmə müəssisələrində sıxlıq yaşandığını və Novruz bayramı ilə əlaqədar da amnistiya aktı imzalamağın gec olmadığını deyib.

Məsələ ilə bağlı Globalinfo.az-a danışan “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev bildirib ki, əfv komissiyası yanvar ayının 12-dən iclas keçirir.

Onun sözlərinə görə, artıq 10 iclas olub:

“Bu günə qədər 1300-dən artıq müraciətə baxılıb, müvafiq rəylərin hazırlanması ilə bağlı qərarlar qəbul edilib. Amma may ayına qədər iclasların hələ davam edəcəyi gözlənilir.

Bildiyimiz kimi, bu il Ümummilli lider Heydər Əliyevin anadan olmasının yüz illiyi ilə bağlı ölkə başçısı tərəfindən “Heydər Əliyev ili” elan edilib. Bu yubiley münasibətilə də çoxsaylı tədbirlər nəzərdə tutulub ki, bura əfv sərəncamı da daxildir. Cəmiyyətin böyük gözləntiləri var. Başlanan iclaslar da məhz cənab prezidentin bu istiqamətdə müvafiq qərar qəbul etməsindən xəbər verir”.

Əliməmməd Nuriyev

Hüquqşünas deyib ki, əfv sərəncamının verilməsi tarixini ölkə başçısı təyin edəcək:

“Ənənəvi olaraq əfv sərəncamı Novruz bayramında gözlənilirdi. Amma mühüm bir il olduğu üçün əfv sərəncamının martda yox, may ayında olacağı deyilir. Amnistiya aktı ötən ilin mart ayında başa çatıb. Ona görə də, gözləntilərim böyük deyil və amnistiya aktının olacağını güman etmirəm. Lakin əfv sərəncamı ən çox müzakirə olunan və gözlənilən məsələdir. Bu müzakirələr açıq şəkildə həyata keçirilir. Bunun üçün də, Əfv Komissiyasının sədri Samir Nuriyev tərəfindən şəraitlər yaradılıb”.

Ə.Nuriyev əfv siyahısına daxil ola biləcək şəxslər haqda da danışıb:

“Hər bir şəxsə həssas yanaşılır. Cəmiyyətdə olan gözləntiləri yaxşı başa düşürük. Əfv zamanı məhkumun vəziyyəti, şəxsiyyəti, sağlamlığı, ailə vəziyyəti, cəzaçəkmə müəssisəsində davranışları, həbsdə olduğu müddət, zərərçəkmişin mövqeyi, dəymiş ziyanın ödənilməsi kimi bütün kriteriyalar nəzərə alınacaq. Ölkə başçısına təqdim etmək üçün bununla bağlı müvafiq rəylər hazırlanır. Son qərarı da cənab Prezident verəcək”.

Zaira Akifqızı
Globalinfo.az