Ağdamın neçə şəhidi var? – Səfərbərlik dəqiq rəqəmi açıqladı, icra hakimiyyəti isə….

Bir neçə gün öncə Milli Məclisin deputatı Aqil Abbasla hərbi ekspert Ədalət Verdiyev arasında Ağdam şəhidlərinin sayı ilə bağlı mübahisə yaranıb. Belə ki, A.Abbas ağdamlı şəhidlərin sayının 6000 olduğunu, hərbi ekspert Ə.Verdiyev isə Birinci Qarabağ müharibəsində Ağdamın 1027 şəhid verdiyini bildirib.

Məsələni dəqiqləşdirmək üçün Globalinfo.az Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə sorğu ünvanlayıb.

Sorğumuza cavab olaraq bildirilib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdam rayon şöbəsinin müvafiq uçot sənədlərinə əsasən, 1-ci Qarabağ müharibəsi zamanı (12 may 1994-cü il tarixədək) Ağdam rayonu üzrə həlak olaraq şəhid statusu verilmiş hərbi qulluqçuların (daxili işlər orqanları əməkdaşları və mülki şəxslər istisna olmaqla) sayı 549 nəfərdir:

“Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 saylı Qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi qaydaları”nın 4.1-ci bəndinin üçüncü abzasına əsasən, şəhid ailəsi statusu mülki vətəndaşlara rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur.

Qeyd olunanlarla əlaqədar, Ağdam rayonu üzrə şəhid statusu verilmiş mülki vətəndaşların sayı barədə məlumatın əldə olunması üçün aidiyyəti üzrə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz məqsədəuyğundur”.

Globalinfo.az– mövzu ilə bağlı Ağdam Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. RİH-dən əməkdaşımıza deyilib ki, hazırda tədbirdədirlər, sonra geri dönüş edəcəklər. Lakin nə geri dönüş olub, nə də zənglərə cavab verilib.

Zaira Akifqızı
Globalinfo.az