WhatsApp Image 2026 10 25 at 21.03.59

***20:58 (Yazıya yeni faktlar əlavə edilib)

Xəbər verdiyimiz kimi, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oqtay Saral Azərbaycanla bağlı ittiham dolu açıqlamalarından sonra istefa vermək məcburiyyətində qalıb.

Globalinfo.az Oktay Saralın dosyesini təqdim edir:

Oktay Saral 18 mart 1967-ci ildə Türkiyənin Trabzon vilayətinin Of rayonunda anadan olub.

İnşaat mühəndisliyi təhsili alıb və siyasi fəaliyyətə başlamazdan əvvəl bu sahədə çalışıb.

1999–2011-ci illərdə Of bələdiyyəsinin sədri vəzifəsində işləyib.

Daha sonra Ədalət və İnkişaf Partiyasından (AK Parti) Türkiyə Böyük Millət Məclisinin üzvü seçilib və 2011–2015-ci illərdə İstanbul millət vəkili kimi fəaliyyət göstərib.

Sonrakı dövrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri vəzifəsini icra edib.

Onun siyasi fəaliyyəti əsasən yerli idarəetmə, parlament fəaliyyəti və Prezident Administrasiyasındakı vəzifəsi ilə bağlı olub.

Oxu.az-ın araşdırmasına görə, Saralın adı ilə bağlı ən səs-küylü hadisələrdən biri 2015-ci ildə Türkiyə Böyük Millət Məclisində daxili təhlükəsizlik paketinin müzakirəsi zamanı baş verib.

Türkiyə mətbuatının məlumatına görə, Saral müxalifət deputatları ilə davada iştirak edib, Ərtoğrul Kürkçüyə yumruq atıb və iclasda istifadə olunan çəkici götürərək qarşı tərəfə yelləyib.

Sonradan müsahibəsində Saral Kürkçüyə yumruq atdığını özü də təsdiqləyib. O, deputatın ona zərbə vuracağını düşündüyünü deyib, eyni zamanda bunun baş verməyə də biləcəyini etiraf edib.

Həyat yoldaşına zorakılıq etdiyini etiraf edib

Həmin dövrdə “Habertürk”ə müsahibə verən Saral ailə həyatına dair açıqlaması ilə də gündəmə gəlib:

“Evliliyimin ilk illərində həyat yoldaşıma da əl qaldırmışam”.

Onun bu etirafı Türkiyə mediasında geniş işıqlandırılıb.

Sənətçiləri də təhqir edib

Saralın sərt və təhqiramiz paylaşımlarının hədəfinə sənət adamları da çevrilib.

O, müğənni Hayko Cepkinin konsertindən yayılan görüntülərə münasibət bildirərkən sənətçinin xarici görünüşünü hədəfə alaraq “Görünüşünə baxsanız, insan olmadığı bəllidir” ifadəsini işlədib.

Aktrisa Ecem Erkekin heyvanların qorunmasına dair çıxışı da Saralın reaksiyasına səbəb olub. O, aktrisanın heyvan sevgisini “şou” adlandırıb, sənətini və insanlığını hədəfə alan ifadələr səsləndirib.

Gömrük rəhbərindən pul istəməsi barədə iddia

2019-cu ildə deputat Mahir Polat Saralla bağlı pul tələbi və kadr təyinatlarına müdaxilə iddiaları səsləndirib.

Polatın sözlərinə görə, Saral Gürbulaq gömrük rəhbərindən Quran kursu üçün 70 min lirə istəyib, həmçinin müəyyən şəxsin işə götürülməsi barədə müraciət edib. Deputat Sarala aid olduğunu bildirdiyi yazılı qeydi də ictimailəşdirib.

Bu məlumatlar Polatın səsləndirdiyi iddialardır, məhkəmə hökmü ilə müəyyən edilmiş fakt kimi təqdim edilmir.

2026-cı ilin oktyabr ayında Oktay Saral Azərbaycanla bağlı açıqlamalarına görə Türkiyə və Azərbaycan ictimaiyyətinin diqqət mərkəzinə düşüb. Mətbuatda yayılan məlumatlara görə, onun Azərbaycanda məktəblərdə vahid məktəbli forması ilə bağlı məsələlərə münasibəti siyasi müzakirələrə səbəb olub. Saralın açıqlamaları Azərbaycanda ölkənin daxili işlərinə münasibət bildirmək kimi qiymətləndirilib.

Yeni Azərbaycan Partiyası Saralın açıqlamalarına etiraz edib və Azərbaycanın daxili işlərinə müdaxilənin yolverilməz olduğunu bildirib.

25 oktyabr 2026-cı ildə Türkiyə mətbuatında Oktay Saralın Prezidentin baş müşaviri vəzifəsindən ayrılması barədə məlumatlar yayılıb. Jurnalist Talat Atillanın onunla telefon danışığına istinadən yayılan xəbərlərdə Saralın vəzifədən ayrıldığını təsdiqlədiyi bildirilib.

Həmin məlumatlarda Saralın qərarın Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə verildiyini və heç kimdən incik olmadığını söylədiyi qeyd olunub.

Vəzifədən ayrılmasının Azərbaycanla bağlı açıqlamaları ilə əlaqəsinə dair sual verildikdə isə onun bu ehtimalı təsdiqləyən məzmunda cavab verdiyi açıqlanıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: