ABŞ-li aktyor və Hollivud ulduzu Klint İstvud Litvada adının və şəklinin reklam kampaniyasında icazəsiz istifadəsinə görə açdığı 200 min avroluq məhkəmə iddiası üzrə qələbə qazanıb.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Litva Apellyasiya Məhkəməsi məlumat yayıb.
Məhkəmə Litvanın “Mediatonas” şirkətindən 200 min avro təzminatın tutulması barədə qərar verib. Məbləğ aktyor Klint İstvud və onun vizual obrazından istifadə hüquqlarını özündə saxlayan “Garrapata” şirkəti arasında bərabər bölünəcək.
Klaypeda Dairə Məhkəməsinin 2024-cü ilin dekabrında çıxardığı qərarla müqayisədə təzminatın məbləği 50 min avro azaldılıb.
Qeyd edək ki, ABŞ məhkəməsi 2021-ci ilin oktyabrında oxşar iddia üzrə Litva sahibkarlarının aktyora 6.1 milyon dollar (5.26 milyon avro) ödəməli olduqlarına qərar vermişdi.
Qanuni əsaslarla çətənə tərkibli tibbi məhsulların satışı ilə məşğul olan “Mediatonas” şirkəti reklam kampaniyalarında aktyorun adından və şəklindən onun icazəsi olmadan istifadə edib.
Şirkətin sahibi ABŞ-də bu məsələ ilə bağlı məhkəmə prosesinin getdiyindən xəbərdar olduğu üçün hələ 2021-ci ilin martında müəssisəni ləğv edib.