Qızılın qiyməti ardıcıl dördüncü gündür ucuzlaşır. Maraqlıdır ki, neft bazarında bahalaşma müşahidə olunduğu halda, qızılın dəyəri aşağı düşür.
Bəs bu ziddiyyətli tendensiyanın arxasında hansı iqtisadi amillər dayanır? Neftin bahalaşması qızıl bazarına necə təsir edir və qiymətlərdəki eniş nə qədər davam edə bilər? Yaxın dövrdə qızılın yenidən bahalaşması mümkündürmü?
Globalinfo.az-a danışan Azərbaycan Zərgərlər Assosiasiyasının sədr müavini, iqtisadçı Rövşən Əmircanov deyib ki, neftin bahalaşması qızılın qiymətinə inflyasiya və faiz dərəcələri ilə bağlı gözləntilər vasitəsilə təsir göstərir:
“Enerji qiymətlərinin artması inflyasiya təzyiqlərinin güclənə biləcəyi ilə bağlı narahatlıq yaradır. Bu halda bazar iştirakçıları ABŞ Federal Ehtiyat Sisteminin faiz dərəcələrini daha uzun müddət yüksək saxlayacağını və ya artıracağını gözləyə bilərlər. Yüksək faiz dərəcələri gəlir gətirməyən qızılı istiqrazlar və digər faizli aktivlərlə müqayisədə daha az cəlbedici edir. ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi də qızılın qiymətinə təzyiq göstərir”.
Rövşən Əmircanov
Onun sözlərinə görə, son günlər ABŞ-da istehlak və istehsal qiymətləri indekslərinin gözləntiləri üstələməsi, eləcə də neft qiymətlərinin artması inflyasiya ilə bağlı narahatlıqları gücləndirib:
“Nəticədə bazarda faizlərin yüksək səviyyədə qalacağı ilə bağlı gözləntilər artıb və qızıl ucuzlaşıb. Bununla belə, qızılın qiyməti yalnız bu amillərdən asılı deyil. Bu, qiymət enişi fonunda belə investisiya marağının qaldığını göstərir”.
İqtisadçı yaxın dövrdə qızılın qiymətində dalğalanmaların davam edə biləcəyini bildirib:
“Qiymətlərə ABŞ-dakı inflyasiya göstəriciləri, Federal Ehtiyat Sisteminin qərarları və açıqlamaları, dolların məzənnəsi, istiqrazların gəlirliliyi və geosiyasi vəziyyət təsir göstərəcək. İnflyasiya narahatlıqları və faizlərin yüksək qalacağı ilə bağlı gözləntilər güclənərsə, qızıl üzərində təzyiq davam edə bilər. Əksinə, bu amillərin zəifləməsi qızılın qiymətinə dəstək verə bilər”.
Zaira Akifqızı
Globalinfo.az