kk 1

KTMT-yə üzv ölkələrin liderləri noyabrın 11-də keçiriləcək iclasda Ermənistanın təşkilata üzvlüyü ilə bağlı qərar qəbul edə bilərlər.

Globalinfo.az xəbər verir ki, bu barədə KTMT-nin baş katibi Talatbek Masadıkov TASS-a açıqlamasında bildirib.

İrəvanın təşkilatdan çıxmaq ehtimalı ilə bağlı danışan baş katib qeyd edib ki, əgər bu məsələ Kollektiv Təhlükəsizlik Şurasının iclasının gündəliyinə daxil edilərsə, müvafiq qərar qəbul oluna bilər.

“Adətən təklifi ya sədrlik edən ölkə, ya da başqa bir dövlət irəli sürür. Yəni dövlət başçısı və ya Kollektiv Təhlükəsizlik Şurasının üzvləri. Faktiki olaraq baş verənlər KTMT Nizamnaməsinin 25-ci maddəsinin tətbiqi halı sayıla bilər. Həmin maddəyə əsasən, üzvlük haqları ödənilmədikdə və kvota üzrə vəzifələr tutulmadıqda, səsvermə hüququ qüvvədə olmur”, – deyə o əlavə edib.

Masadıkov Ermənistanın bu məsələni müzakirə etmədiyini və təşkilatın tədbirlərində iştirak etmədiyini düşündüyünü bildirib.

Bununla belə, onun sözlərinə görə, Ermənistanın nümayəndəsi KTMT-yə üzv ölkələrin daimi nümayəndələrinin iştirak etdiyi həftəlik Daimi Şura iclaslarına qatılır.

“Ermənistanın nümayəndəsi dinləyir və yəqin ki, müzakirə etdiyimiz məsələlər, qəbul olunan qərarlar barədə məlumat verir”, – deyə baş katib vurğulayıb.

Qeyd edək ki, KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan üzvdür. Bu ölkələri müvafiq olaraq Vladimir Putin, Aleksandr Lukaşenko, Kasım-Jomart Tokayev, Sadır Japarov, Emoməli Rəhmon və Nikol Paşinyan təmsil edir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: