“Ermənistan hökuməti azərbaycanlıların Ermənistanla dövlət sərhədini keçməsi ilə bağlı insidentlərin real səbəblərini araşdırmalı, cəmiyyətdə yaranan narahatlığı siyasi bəyanatlarla azaltmağa çalışmamalıdır”.
Globalinfo.az Oxu.Az-a istinadən xəbər verir ki, hərbi ekspert Vaan Saroyan bu barədə “Sputnik Ermənistan“a açıqlamasında bildirib.
Ekspert son bir ay ərzində azərbaycanlıların Ermənistana daxil olması ilə bağlı ikinci hadisəni şərh edib.
Məlumata görə, oktyabrın 19-da Ermənistanın Tavuş vilayətində Azərbaycanın Tovuz rayonunun 1968-ci il təvəllüdlü Yaşar Əli oğlu Qasımov aşkarlanıb. Daha sonra mediada onun yolu azmış çoban olduğu və Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) onu Azərbaycana qaytardığı barədə məlumat yayılıb.
Saroyanın sözlərinə görə, yayılan məlumatlar azərbaycanlının Tavuş vilayətində delimitasiya aparılmış ərazidən keçərək Ermənistan ərazisinə daxil olduğunu göstərir. Ekspert bunu təhlükəsizlik sahəsində ciddi problem kimi qiymətləndirib.
“İlk növbədə, sərhədin hansı hissəsindən keçildiyi dəqiqləşdirilməlidir. Daha sonra həmin ərazidə sərhəd təhlükəsizliyinə nəzarət üçün hansı texniki vasitələrin olduğu müəyyənləşdirilməlidir. Həmçinin ərazinin MTX-nin, yoxsa Müdafiə Nazirliyinin məsuliyyət zonasına daxil olduğu açıqlanmalıdır. Bütün bunlar ictimaiyyətə təqdim edilməlidir”, – Saroyan bildirib.
Saroyan sentyabrın sonunda Zəngəzurun Şəki kəndində baş vermiş hadisəni xatırladıb. Həmin vaxt Ermənistan tərəfi Azərbaycan hərbçisinin hərbi hissəni tərk etdikdən sonra yolu azaraq ölkə ərazisinə keçdiyini açıqlamışdı.
“Bu nə deməkdir – yolu azıb və gəlib? Məgər yolu azan hər kəs Ermənistan Respublikasının ərazisinə sərbəst şəkildə daxil ola bilər?” – deyə ekspert sual edib.
Digər hərbi ekspert Karen Vrtanesyan isə bildirib ki, relyefin xüsusiyyətlərindən asılı olaraq, sərhədin bəzi hissələrinə tam nəzarət etmək çətindir. Bununla belə, onun fikrincə, müasir müşahidə və kəşfiyyat vasitələrindən istifadə edilməlidir.
Vrtanesyan Şəki kəndindəki hadisə ilə bağlı qeyd edib ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti həmin ərazidə gücləndirilmiş növbətçilik və patrul xidməti təşkil edilməli idi, lakin bu, baş verməyib.
Vrtanesyanın fikrincə, hadisə ilə bağlı təhlükəsizlik qurumlarının rəhbərliyinə qarşı ən azı xidməti araşdırma başlanmalı idi. O, indiyədək Ermənistanın heç bir vəzifəli şəxsin məsuliyyətə cəlb edilmədiyini bildirib.