raket 1

Rusiya cəbhədə yeni “Filin” qanadlı raketindən istifadə etməyə başlayıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

Bildirilib ki, raketin uzunluğu 3,5 metr, qanadlarının açılımı isə 3 metrdir. Onun gövdəsi karbon və şüşəplastikdən hazırlanıb, bəzi hissələrinin istehsalında isə 3D çap texnologiyasından istifadə olunub.

Məlumata görə, “Filin” saatda 800 kilometrədək sürət yığa və 1 200 kilometr məsafə qət edə bilir. Raket həm çox aşağı hündürlükdə uça, həm də 6 kilometrədək yüksələ bilər:

“Raketin döyüş başlığının çəkisi 50 və 100 kiloqram olan iki versiyası mövcuddur. Raket barıt sürətləndiricisinin köməyi ilə yerüstü qurğudan buraxılır”.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Rostex” dövlət korporasiyası qanadlı raketlərin imkanlarına yaxın xüsusiyyətlərə malik “Dan-T” pilotsuz uçuş aparatını təqdim edib. Hərbi ekspert Yuri Knutov isə 2027-ci ildə istifadəyə verilə biləcəyi deyilən “Geran-6” dronlarının dağıdıcı gücünə görə “İskəndər” raket komplekslərindən geri qalmayacağını bildirib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: