WhatsApp Image 2026 10 22 at 00.42.33

Xəbər verdiyimiz kimi, oktyabrın 17-18-dən etibarən Avropanı kütləvi etiraz dalğası bürüyüb. Fransa, İtaliya, Albaniya, Belçika, İspaniya və Portuqaliyada yaranan iğtişaş və etirazların əsasında iqtisadi səbəblər dayanır. Fransanın baş verənlərin mərkəzinə çevrilməsi prosesin hakimiyyətə təsiri məsələsini gündəmə gətirib.

Globalinfo.az-a danışan fransalı tarixçi, politoloq Maksim Quen bildirib ki, Fransada baş verən etirazlarda nümayişçilərin sayı 150 000 kimi göstərilsə də, əslində 550 000 nəfərin iştirak etdiyi məlumdur. O, 997 polis əməkdaşının xəsarət aldığını, onlardan yeddisinin vəziyyətinin ağır olduğunu deyib:

ff

Maksim Quen

“2018-2019-cu illərdəki “sarı jiletlilər” böhranından bəri Emmanuel Makronun “sonu” bir neçə dəfə elan edilsə də, o, hələ də vəzifəsindədir. Yəqin ki, qarşıdakı aylarda təhlükəsizlik səbəbindən bəzi nümayişlərə qadağa qoyulacaq, lakin hərbi vəziyyətin elan olunması gözlənilmir. Əgər belə bir niyyət olsaydı, Prezident Emmanuel Makron televiziya çıxışı zamanı bunu elan edərdi. Üstəlik, hərbi vəziyyət yalnız on iki gün müddətinə tətbiq oluna bilər. Bundan sonra isə mütləq parlamentin icazəsi olmalıdır”.

Ekspertin fikrincə, Fransa ilə eyni vaxtda Belçika, İtaliya və İspaniyada da iğtişaşların baş verməsi təsadüfi deyil:

“Rusiyada Aleksandr Duqin kimi yarı rəsmi mövqeyə malik şəxslər Corcia Meloni və Emmanuel Makronun məğlubiyyətini açıq şəkildə arzulayır. Etirazların nəticəsi repressiyanın səmərəliliyindən və seçicilərin soyuqqanlılığından asılı olacaq”.

İrlandiyalı siyasi ekspert, analitik, tarixçi Patrik Uolş isə bildirib ki, gələn ilin əvvəlində Makron, çox güman ki, prezident postundan gedəcək:

patrik uolsh

Patrik Uolş

“Proqnozlara görə, Fransanın növbəti prezidenti Marin Le Pen olacaq. Fransanın şəhər ərazilərindəki mövcud qarışıqlıq, şübhəsiz ki, onun və partiyasının mövqeyini daha da gücləndirəcək”.

O qeyd edib ki, Fransada baş verənlər bir sıra problemlərin – zəif iqtisadiyyat, kütləvi miqrasiya, həmçinin Ukrayna və İrandakı müharibələrin təsirlərinin nəticəsidir:

“Bu problemlər təkcə Fransaya xas deyil və Avropanın bir çox ölkəsi eyni çətinliklərlə üz-üzədir. Demək olar ki, bütün dövlətlərdə sağa doğru bir meyl müşahidə olunur. Bu tendensiyaya qarşı duran yeganə ölkə Böyük Britaniyadır ki, o da, məlum olduğu kimi, on il əvvəl Avropa İttifaqını (Aİ) tərk etmişdi. Aİ bürokratiyası getdikcə daha çox sevilməz hala gəlir və Makron kimi, bu bürokratiyaya yaxın olan liderlər də bunun bədəlini ödəyirlər. Bu gün Avropa İttifaqı yalnız Rusiya ilə müharibəni və xalqdan tələb olunan fədakarlığı vəd edir. Aydındır ki, bu vəziyyət bütün qitə boyu narazılığı daha da artırır. Küçə etirazları ilə zəngin tarixə malik olan fransızlar, yəqin ki, bütün qitəni bürüyəcək proseslərin yalnız ilk dalğasıdır”.

Kütləvi etirazlara Avropa qurumlarının reaksiyasından danışan britaniyalı politoloq Neil Vatson isə bildirib ki, 14 fevral 2019-cu ildə Avropa Parlamenti dinc etiraz hüququ və gücün mütənasib tətbiqi ilə bağlı qətnamə qəbul etdi:

WhatsApp Image 2025 04 10 at 10.38.45 1

Neil Vatson

“Bu, ümumavropa xarakterli bir qətnamədir və onun mövcudluğu özlüyündə Fransada baş verən hər bir hadisəyə verilən cavabın adekvat olduğunu göstərmir”.

O bildirib ki, Avropa Şurası və AŞPA, eləcə də Avropa Parlamenti və ya Avropa Komissiyasının hər hansı etirazlarla bağlı bəyanatı bir sıra məsələləri əhatə edir:

“Bunlardan birincisi, mövcud prosedurlar və həmin ölkənin səlahiyyətləridir. İkincisi, hadisələrə dair sübutlar, pozuntuların miqyası və daxili araşdırmaların səmərəliliyidir. Üçüncü isə siyasi xarakter daşıyır. Nüfuzlu tərəfdaş dövləti tənqid etməyin diplomatik nəticəsi xarici rəqibi tənqid etməklə müqayisədə daha ağır ola bilər. Əgər sistematik olaraq dövlətin siyasi yaxınlığı məsələsi ön plana çıxırsa, bu, ikili standartların olduğunu göstərir”.

Gülnar Səlimova

Globalinfo.az

İstanbul

Paylaş: