zelenski9 900x600 1

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyadan gözləntilərini açıqlayıb. O bildirib ki, Kiyev müharibənin hazırkı cəbhə xətti boyunca dayandırılmasına və danışıqlara başlamağa hazırdır.

Globalinfo.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın “Fox News” telekanalına müsahibəsində deyib.

Ukrayna lideri müharibənin hazırkı cəbhə xətti üzrə dondurulmasını onun başa çatdırılması üçün real yol kimi qiymətləndirib.

Döyüşlərin mövcud cəbhə xətti boyunca dayandırılmasına Ukraynanın razı olub-olmadığı barədə sualı Zelenski belə cavablandırıb:

“Bəli. Hazırda döyüşləri dayandırmalıyıq və bu, müharibəni bitirməyin real yoludur. Biz bunu atəşkəs və ya Prezident Trampın ifadə etdiyi kimi, qətllərin dayandırılması adlandıra bilərik. Döyüşləri dayandırmaq və münaqişəyə son qoymaq lazımdır. Hazırda Rusiyadan minimum tələbimiz budur. Döyüşlərin dayandırmalı və danışıqlara başlamalıyıq”.

Ukrayna liderinin sözlərinə görə, bundan sonra Kiyev ABŞ və Avropadakı tərəfdaşlarından təhlükəsizlik zəmanətləri almağa çalışacaq. Növbəti mərhələdə isə müharibə nəticəsində ölkəyə dəyən zərərin aradan qaldırılması və bərpa işlərinin həyata keçirilməsi nəzərdə tutulur.

“Doqquz milyon yarım vətəndaşımız evini itirib və dünyanın müxtəlif ölkələrinə səpələnib. Onlar geri qayıdacaq və ölkəni yenidən quracaqlar”, – deyə Zelenski vurğulayıb.

Qeyd edək ki, son vaxtlar ABŞ Prezidenti Donald Tramp Zelenskini Rusiya ilə müharibəni başa çatdırmaq istəməməkdə günahlandırıb. Trampın sözlərinə görə, Ukrayna lideri Moskva ilə razılaşmağa meyilli deyil və buna görə də ABŞ-ın onunla işləməsi məqsədəuyğun sayılmır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: