ABŞ Prezidentinin xüsusi elçisi Stiven Uitkoff Sankt-Peterburqda Rusiya lideri Vladimir Putinlə görüşü zamanı Oslo danışıqları barədə məlumat verib və Ukrayna münaqişəsinin həlli ilə bağlı yanaşmalarda “yeni məqamların” olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
Putinlə Uitkoff arasında görüş təxminən üç saat davam edib.
Uşakovun sözlərinə görə, görüş ətraflı və səmimi müzakirələrlə yadda qalıb. Putin ABŞ administrasiyasının Donald Trampın və onun nümayəndələrinin vasitəçilik səylərini yüksək qiymətləndirib.
Tərəflər həmçinin Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə üçtərəfli danışıqların noyabrın ikinci ongünlüyündə bərpa olunması ehtimalını müzakirə ediblər. Uşakovun bildirdiyinə görə, əsas müzakirə mövzusu münaqişə başa çatdıqdan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması olub.
Onun sözlərinə görə, Uitkoff belə bir qərarın Donald Tramp tərəfindən böyük məmnuniyyətlə qarşılanacağını qeyd edib. Uşakov əlavə edib ki, Putinlə Uitkoff arasında söhbətin əsas mövzusu Rusiyanın Ukraynaya qarşı müharibəsi və davamlı sülh əldə etməyin yolları olub.
Görüşdə Rusiya dizel yanacağının ABŞ və dünya bazarlarına tədarükü ilə bağlı razılaşmaların həyata keçirilməsi məsələsi də müzakirə edilib. Uşakov bu istiqamətdə artıq praktiki işlərə başlanıldığını bildirib.
Görüşün mətbuata açıq hissəsində Uitkoff texniki məsələlərin müzakirəsi üçün üçtərəfli danışıqların bərpa olunacağına ümid etdiyini deyib. O, münaqişənin həlli ilə bağlı yanaşmaları əks etdirən sənədləri də özü ilə gətirdiyini diqqətə çatdırıb.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov daha əvvəl Putinin Uitkoffun gətirdiyi təkliflərlə tanış olacağını açıqlayıb.
Putin isə Ukrayna münaqişəsinin həllinə göstərdiyi diqqətə görə Trampa təşəkkür edib. Rusiya prezidentinin sözlərinə görə, son telefon danışığı zamanı ABŞ lideri insan tələfatının dayandırılması üçün müharibənin başa çatdırılmasının vacibliyini vurğulayıb.
Görüşün açıq hissəsində iqtisadi əməkdaşlığın bərpası məsələsi də diqqət mərkəzində olub. Uitkoff müharibə başa çatdıqdan sonra ABŞ-Rusiya münasibətlərinin inkişafı üçün perspektivlərin olduğunu deyib. Tramp adından dizel yanacağının tədarükü ilə bağlı razılaşmaya görə Putinə təşəkkür edilib.
Rusiya prezidenti həmçinin Çin ərazisində ABŞ lideri ilə mümkün görüşün müzakirəsini təklif edib. Uşakovun sözlərinə görə, Putin və Uitkoff Rusiya ilə ABŞ arasında genişmiqyaslı iqtisadi layihələrin həyata keçirilməsi imkanlarının da ətraflı müzakirəsini aparıblar.
Əliyar Xəlil