Ermənistan parlamentində TRIPP layihəsinin müzakirəsi zamanı xarici işlər naziri Ararat Mirzoyanla “Hayastan” fraksiyasının deputatı Lilit Qalstyan arasında ərazi məsələsi ilə bağlı mübahisə yaranıb.
Globalinfo.az xəbər verir ki, Lilit Qalstyan yolların açılmasının Ermənistanın rifahı üçün vacib olduğunu, lakin mümkün risklərin əvvəlcədən hesablanmalı olduğunu bildirib.
O, Ermənistanın getdikcə kiçilən ərazisinin və ölkənin gələcəyinin narahatlıq doğurduğunu deyərək nazirdən ətraflı izahat istəyib.
Mirzoyan isə deputatın “kiçilən vətənimiz” ifadəsinə sərt etiraz edib:
“Bilmirəm, sizin hansı vətəniniz kiçilib. Ermənistan Respublikasının ərazisi 29 743 kvadratkilometrdir və bu, dünyanın digər dövlətləri tərəfindən tanınır. Ermənistan bu ərazi üzərində tam nəzarətini bərpa etməlidir”.
Mirzoyan əlavə edib ki, Ermənistanın nəzarətində olmayan ərazilər var və rəsmi İrəvan Sovet İttifaqının dağıldığı vaxt mövcud olmuş sərhədlərin delimitasiya yolu ilə bərpasını sülh prosesinə töhfə hesab edir:
“Anklavlar məsələsinin həlli ilə bağlı da yanaşmalar var”.
Əliyar Xəlil
Globalinfo.az