Tikinti və təmir adı altında vətəndaşların pulunu ələ keçirməkdə ittiham olunan şirkət rəhbəri saxlanılıb.
DİN-in Mətbuat xidmətindən Globalinfo.az-a verilən məlumata görə, polisə tikinti və təmir işlərinin görülməsi adı altında vətəndaşların pul vəsaitlərinin ələ keçirilməsi barədə müraciətlər daxil olub.
Araşdırmalar zamanı tikinti şirkətlərindən birinin rəhbəri Elsevər Əliyevin fərdi yaşayış evi təmiri üçün bir vətəndaşdan 888 min 731 manat aldığı, lakin nəzərdə tutulan işləri tam yerinə yetirmədiyi müəyyən edilib. Ekspert rəyinə əsasən müəyyən edilib ki, həmin ünvanda görülmüş tikinti işlərinin ümumi dəyəri 317 min 160 manat təşkil edib. Qalan vəsait isə həmin şəxs tərəfindən ələ keçirilib.
Bundan başqa, şirkət rəhbərinin digər zərərçəkəndən də tikinti və təmir məqsədilə hissə-hissə 450 min manat aldığı, lakin işləri yarımçıq saxladığı barədə müraciət də araşdırılıb. Həmin vətəndaş zərərçəkmiş şəxs qismində istintaq orqanında tanınaraq müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunan E.Əliyev istintaqdan yayındığı üçün onun barəsində axtarış elan edilib. Polisin keçirdiyi tədbirlərlə E.Əliyev tutularaq istintaqa təqdim olunub.
Araşdırma aparılır.