eliyev pasinyan 2

“Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyanın son görüşündən sonra hökumətdə yeni Konstitusiya ilə bağlı işlər sürətləndirilib”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” nəşri yazıb.

“Azərbaycan tərəfi narazıdır ki, parlament seçkilərindən sonra bu məsələ yerində sayır. Paşinyan yeni Konstitusiya məsələsində bu yol xəritəsi ilə irəliləmək qərarına gəlib: ilk növbədə, cəmiyyətin müxalifətçi hissəsini bu dəyişikliyin ölkənin rifahı və inkişafı üçün həqiqətən zəruri olduğuna inandırmağa çalışacaqlar. Hətta müxalifət mediası vasitəsilə reklam kampaniyası aparılması məsələsi də müzakirə olunur.

İkinci mərhələdə parlament müxalifətinə müraciət edərək referendumun keçirilməsinə dəstək verməyə çağıracaqlar. Müxalifətin bundan imtina edəcəyi təqdirdə, ayrı-ayrı müxalifət deputatlarını hakim “Vətəndaş Müqaviləsi” partiyasının təşəbbüsünü dəstəkləməyin vacibliyinə inandırmağa çalışacaqlar. Paşinyan deputatlara təzyiq göstərilməsini, hətta onların tərəfinə çəkilməsini də istisna etməyib”, – nəşrin məlumatında bildirilib.

Qeyd olunub ki, bütün bunlardan sonra da uğur əldə olunmasa, son variant kimi növbədənkənar seçkilərə getmək, parlamentdə Konstitusiyaya dəyişikliklər üçün zəruri olan konstitusion çoxluğu əldə etmək və yeni Konstitusiyanı qəbul etdirmək planlaşdırılır:

“Hələlik konkret vaxt çərçivəsi müəyyən edilməyib. Lakin Paşinyan hamını işləri hərəkətə gətirməyə çağırıb”.

Xatırladaq ki, İlham Əliyev və Nikol Paşinyan sonuncu dəfə 9 oktyabr 2026-cı ildə Türkmənistanın Türkmənbaşı şəhərində görüşüblər. Onlar MDB Dövlət Başçıları Şurasının sammiti çərçivəsində təşkil olunan tədbirdə qeyri-rəsmi söhbət ediblər.

Günay Rəsulqızı
Globalinfo.az 

Paylaş: