Rusiya ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və Cared Kuşnerin təkliflərini iqtisadi baxımdan sərfəli olacağı təqdirdə nəzərdən keçirməyə hazırdır. Lakin Moskva bunun müqabilində siyasi güzəştlərə getmək niyyətində deyil.
Globalinfo.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Görək nə təklif edəcəklər. Əgər iqtisadi və maliyyə baxımından bizim üçün sərfəli təkliflər irəli sürsələr, niyə də qəbul etməyək? Ancaq bu, bizim tərəfimizdən heç bir siyasi güzəşt olmadan həyata keçirilməlidir. Yalnız özümüzə güvənməliyik”, – deyə Lavrov bildirib.
Rusiya XİN rəhbəri ABŞ-ın Moskva üçün ən yaxşı halda rəqib olaraq qalacağını bəyan edib.
“Donald Tramp administrasiyasının nə dediyinə baxın. ABŞ-ın maliyyə naziri Skott Bessentin bizim haqqımızda söylədiklərini, Pentaqonun siyasi-hərbi məsələlər üzrə nazir müavini Elbrik Kolbinin açıqlamalarını oxuyun. Onların Afrikada və Latın Amerikasında qonşularımız, dostlarımız və tərəfdaşlarımızla necə ünsiyyət qurduqları barədə də məlumatlarımız var. Heç bir möcüzə gözləmirik”, – Lavrov qeyd edib.
Rusiyalı nazirin fikrincə, ABŞ-a ən yaxşı halda rəqib, ən azı isə qarşı tərəf kimi yanaşmaq lazımdır.
“Onlar ədalətli rəqabətə hazır deyillər”, – Lavrov vurğulayıb.
Əliyar Xəlil