ABŞ son vaxtlar Avropa müttəfiqlərinin pulunu ödədiyi “Patriot” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulan raketlərin Ukraynaya tədarükünü qeyri-müntəzəm həyata keçirir.
Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumatlı mənbələrə istinadən yazıb.
Ukrayna Prezidenti Volodimir Zelenski Pentaqonun ötən həftə Rusiyanın raket hücumları barədə Kiyevi əvvəlcədən xəbərdar etmədiyini də bildirib. NATO nümayəndələri isə Ukrayna rəsmilərinə ABŞ silahlarının tədarükünün tamamilə dayandırılacağı ilə bağlı xəbərdarlıq edirlər.
Mənbələrdən birinin sözlərinə görə, Tramp Rusiya Prezidenti Vladimir Putinlə dizel yanacağı ilə bağlı razılaşmasından sonra münasibətləri dəyişib. Belə ki, ABŞ lideri Ukraynada müharibənin dayandırılması üzrə danışıqları Zelenskinin yox, başqa bir şəxsin aparmalı olduğu qənaətindədir.
Bu səbəbdən NATO Ukraynanı ABŞ-la münasibətlərdə gərginliyi azaltmağa çağırır. Mənbə xəbərdarlıq edib ki, Zelenski bu istiqamətdə addım atmasa, Trampın gözlənilməz qərarları fonunda PURL proqramı çərçivəsində ABŞ silahlarının Ukraynaya tədarükü tamamilə dayandırıla bilər.
PURL proqramı çərçivəsində əsasən Avropa ölkələri Ukrayna üçün ABŞ-dan silah alırlar. Hazırda ən böyük ehtiyac Rusiyanın ballistik raketlərini vurmaq qabiliyyətinə malik “Patriot” sistemləri üçün raketlərdir.
“Bloomberg”in məlumatına görə, ABŞ hazırda Ukraynaya ayda cəmi 12 “Patriot” raketi tədarük edir. Bu, həmin raketlərin pulsuz verildiyi Co Baydenin prezidentliyi dövrü ilə müqayisədə dörd dəfə azdır.
Zelenskinin sözlərinə görə, bazar günü Rusiyanın hücumu zamanı Kiyevə və ətraf ərazilərə 16 ballistik raket atılıb.
“Yenə də tərəfdaşlarımızdan əvvəlcədən heç bir xəbərdarlıq almadıq”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
“The Washington Post” qəzeti də məlumatlı mənbələrə istinadən yazır ki, Vaşinqton təkcə PURL proqramı çərçivəsində silah tədarükünü gecikdirmir. Eyni zamanda Avropa tərəfdaşlarının Ukraynaya “Patriot” raketləri verməsi ilə bağlı müraciətlərini razılaşdırmağı dayandırıb.
Mənbələrin bildirdiyinə görə, ABŞ-ın müdafiə naziri Pit Heqset son müraciətləri qeyri-müəyyən vəziyyətdə saxlayıb. Müraciətlər nə rəsmi şəkildə rədd edilib, nə də təsdiqlənib.
Əliyar Xəlil