Birinci Qarabağ müharibəsi zamanı itkin düşən şəxslərin ailələri 30 ildən çox vaxt keçməsinə baxmayaraq, taleyi hələ də naməlum qalan minlərlə azərbaycanlının taleyinə beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə Brüsseldə Avropa Parlamenti qarşısında dinc aksiya keçiriblər.
Globalinfo.az bildirir ki, “Report”un Avropa bürosunun verdiyi məlumata görə, aksiya “Qarabağ İtkin Ailələri” İctimai Birliyi tərəfindən təşkil olunub.
Təşkilatçılar itkin düşən şəxslərin fotoşəkilləri və onların adından yazılmış rəmzi məktublardan ibarət instalyasiya təqdim ediblər. Eyni zamanda, itkin şəxslərin ailələri tərəfindən təqdim edilən şəxsi əşyalar da sərgilənib.
“Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində 4 010 azərbaycanlı itkin düşüb. Onların arasında yalnız hərbi qulluqçular deyil, həm də dinc sakinlər, o cümlədən 71 uşaq, 288 qadın və 398 ahıl insan var. Hər bir rəqəmin arxasında insan həyatı və cavabsız qalan bir sual dayanır”, – Brüssel sakinləri və qonaqlarını məlumatlandırmaq üçün aksiya iştirakçılarından birinin ingilis dilində oxuduğu mətndə bildirilib.
Məlum olduğu kimi, Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsinə baxmayaraq, 1990-cı illərin əvvəllərində itkin düşən şəxslərin taleyi hələ də aydınlaşdırılmamış qalır.
Aksiya zamanı səsləndirilən məlumata görə, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 32 kütləvi məzarlıq yeri aşkar edilib. İlkin ekspertizaların nəticələrinə əsasən, 328 itkin düşmüş şəxsin kimliyini müəyyənləşdirmək mümkün olub, onlardan 273-nün qalıqları dəfn olunması üçün ailələrinə təhvil verilib ki, bu da çoxillik qeyri-müəyyənliyə son qoymağa və doğmaların mənəvi rahatlıq tapmasına imkan yaradıb.
Aksiya iştirakçıları Ermənistanı kütləvi məzarlıqların yerləri və itkin düşənlərin taleyi barədə məlumatların yer aldığı arxiv materiallarını təqdim etməyə çağırıblar.




