“Fransa Prezidenti Emmanuel Makron Fars körfəzi ölkələrinə üçgünlük səfərə başlayıb. O, dünən Küveytə gəlib və burada əmir ilə görüşüb. Səfərin növbəti dayanacaqları Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərdir”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının İcraiyyə orqanının üzvü Artak Zakaryan deyib.
O qeyd edib ki, səfər Fransada dərinləşən daxili siyasi böhran fonunda baş tutur:
“Ölkədə kütləvi etiraz aksiyaları və iğtişaşlar yaşanır, yanacağın qiymətləri artır, hökumətin iqtisadi siyasətindən narazılıq isə getdikcə böyüyür. Buna baxmayaraq, Makron Yaxın Şərqə səfər edib. Çünki Fransanın enerji təhlükəsizliyi hazırda həm Rusiya–Ukrayna müharibəsindən, həm də Fars körfəzi regionundakı vəziyyətdən əhəmiyyətli dərəcədə asılıdır.
Səfərin məqsədlərindən biri neft və neft məhsullarının əlavə tədarükü ilə bağlı razılaşmalar əldə etmək, eləcə də Hörmüz boğazından yan keçən alternativ enerji daşıma marşrutlarını müzakirə etməkdir. İran ətrafında davam edən münaqişə və gəmiçilikdə yaranan fasilələr Avropa iqtisadiyyatı üçün də ciddi risklər yaradır”.
Artak Zakaryan bildirib ki, digər mühüm mövzu dəniz nəqliyyatı marşrutlarının təhlükəsizliyidir:
“Paris Londonla birlikdə Hörmüz boğazında sərbəst gəmiçiliyin bərpası təşəbbüsünü irəli sürür. Bu təşəbbüsə mümkün mina təmizləmə işləri də daxildir. Lakin planın həyata keçirilməsi İran ətrafındakı vəziyyətdən və ABŞ-ın mövqeyindən asılıdır. Müdafiə sahəsindəki müqavilələr də az əhəmiyyət daşımır. Fransa Qətər və BƏƏ ilə hərbi-texniki əməkdaşlığı genişləndirməyə ümid edir. Söhbət hava hücumundan müdafiə sistemlərindən, hərbi texnologiyalardan və yeni investisiyalardan gedir.
Səfər Dohada keçirilən Qlobal Təhlükəsizlik Forumu ilə eyni vaxta təsadüf edir. Forumun əsas mövzusu beynəlxalq ittifaqların gələcəyidir. Bundan əlavə, oktyabrın 21-də Fransa prezidenti suveren investisiya fondlarının beynəlxalq şəbəkəsi olan One Planet-in görüşündə iştirak etməlidir. Səfərin gündəliyində Livanla bağlı məsələlər də var.
Beləliklə, Makron eyni vaxtda bir neçə problemi həll etməyə çalışır: Fransanın enerji daşıyıcıları ilə təminatını gücləndirmək, hərbi-sənaye məhsullarının satışı üzrə yeni müqavilələr əldə etmək və Yaxın Şərqdə Fransanın mövqelərini möhkəmləndirmək.
Bu səfərin nəticələri təkcə Fransanın xarici siyasəti baxımından deyil, şəxsən Makron üçün də əhəmiyyətli olacaq. Belə ki, o, prezidentlik müddətini daxili siyasi böhran, eləcə də Fransanın xarici siyasəti üçün qeyri-sabitlik və yeni çağırışlar şəraitində başa vurmalı olacaq”.
Günay Rəsulqızı
Globalinfo.az