sabah 1131

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 3-cü turu start götürəcək. Azərbaycan çempionu “Sabah” Bakıda Dortmund “Borussiya”sı ilə qarşılaşacaq.

“Sabah”ın bu matçda qalib gəlmək, xalq almaq şansı varmı? Hesab təxmininiz nədir?

Globalinfo.az-a danışan idman eksperti Natiq Muxtarlı deyib ki, “Borussiya” “Slaviya”dan daha çətin rəqibdir:

“Amma “Sabah”ın Almaniya nəhənginə qalib gəlmək şansının olmadığını iddia edə bilmərik. Çempionlar Liqası elə turnirdir ki, burada hər bir komanda digərinə qalib gələ bilər. “Borussiya Dortmund” “Bodo/Qlimt”ə məğlub olubsa, “Sabah”a da məğlub ola bilər. Yəni bu, Çempionlar Liqasıdır, hər şey ola bilər. “Sabah” da əvvəlki turda göstərdi ki, normal futbol oynaya bilir və Çempionlar Liqasına adaptasiya olunub”.

N.Muxtarlının fikrincə, oyunun taleyini ayrı-ayrı detallar həll edəcək:

“Azərbaycan komandalarının ən əsas problemi əllərinə düşən imkanlardan maksimum yararlana bilməmələridir. Məsələn, ötən tur Bakıda “Slaviya” ilə oyunda rəqib daha təcrübəli olsaydı, əlinə düşən imkanlardan yararlanacaqdı və “Sabah” məğlub olacaqdı. “Sabah” isə əlinə düşən imkanları sağa-sola xərcləyirdi və daha çox qol vurmalı olduğu halda, cəmi iki qol vurdu. Yəni bunu “Borussiya Dortmund” bağışlamayacaq. “Sabah” bu dəfə müdafiədə daha effektli, hücumda isə daha kəsərli olmalıdır”.

Ekspert bildirib ki, “Sabah”ın qol imkanları olacaq və “Borussiya” ilə oynamaq mümkündür:

“Bunun üçün müdafiəni etibarlı qurmaq, hücumda isə kəsərli olmaq lazımdır. Bu oyunun əhəmiyyəti “Sabah” üçün həm də ona görə vacibdir ki, qazanılacaq qələbə pley-off mərhələsinə adlamaq üçün böyük şans açacaq. Bəli, Dortmund kimi komandalardan əldə edilən üç xal pley-offa yolu açır. Bu, birmənalıdır. Ona görə də bu oyun “Sabah” üçün altı xallıq oyundur, üç xallıq yox. Bunun ardınca daha bir qələbə və ya digər oyunda heç-heçə artıq on xal toplamağa və pley-offa vəsiqə qazanmağa imkan verə bilər. Necə ki, ötən il “Qarabağ” on xalla növbəti mərhələyə adlamışdı”.

Natiq muxtarli 111

Natiq Muxtarlı

Natiq Muxtarlı deyib ki, bu, bəlkə də, Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın ən vacib oyunudur:

“Futbolçular da yəqin ki, bu məsuliyyəti dərk edirlər. Ona görə də bu oyuna çox ciddi yanaşacaqlar. Mən “Sabah”ın Dortmund “Borussiya”sından xal alacağını güman edirəm. Amma dediyim çatışmazlıqlar aradan qaldırılmalı, müdafiə etibarlı qurulmalıdır. Hücumda isə “Sabah” onsuz da imkanlar yaradır, sadəcə onlardan istifadə faizi çox aşağıdır. Bu problem də həll olunsa, “Sabah” Dortmundla oyunda qələbə qazana bilər.

Dortmund “Borussiya”sının işi çempionatda da yaxşı getmir. Çempionlar Liqasında xal itirdikdən sonra çempionatda da xal itirdi. Bu komandada oyun planında problemlərin olduğu göz önündədir. Bundan mütləq yararlanmaq lazımdır. Ona görə inanaq ki, “Sabah” bu vacib, həlledici oyunda qələbə qazanacaq. Qələbə qazansa, pley-off mərhələsinə adlamaq şansı birə-beş artacaq”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: