xirdalan esa

Xırdalanda 10 ildən artıqdır istifadəyə verilmiş çoxmərtəbəli yaşayış binasının üzərində əlavə tikinti işləri aparılır. Belə ki, binaya daha iki mərtəbə əlavə edilir. Uzun illərdir yaşayış olan binanın üzərində əlavə mərtəbələrin tikilməsi narahatlıq doğurur.

Bu, nə dərəcədə risklidir? Binanın təməlinə düşən yükün artması kimi təhlükə yarana bilərmi?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, bu cür layihələrin icrası üçün müvafiq qurumların rəyi olmalıdır:

“Xüsusilə Fövqəladə Hallar Nazirliyi və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi bu məsələdə paralel şəkildə fəaliyyət göstərirlər. FHN-in müvafiq qurumları ilk növbədə sütunlara və digər konstruktiv elementlərə düşən ümumi yükün həcmini hesablayır və müəyyən edirlər. Əgər binanın dayanıqlığında heç bir problem olmadığı və əlavə konstruksiyaların tikintisinin mümkünlüyü qənaətinə gəlinərsə, bununla bağlı rəy verilir. Eyni zamanda, tikintiyə dövlət nəzarətini həyata keçirən, tikinti və yanğın təhlükəsizliyi ilə məşğul olan müvafiq qurumlar da öz rəylərini bildirirlər. Bu rəylərdən sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintiyə icazə verilməsi məsələsinə baxır”.

Ramil osmanli binalar 900x539 1

Ramil Osmanlı

Ramil Osmanlı deyib ki, müvafiq rəylər və icazələr olmadan çoxmərtəbəli binanın üzərində, özü də iki əlavə mərtəbənin tikilməsi mümkün deyil:

“Düşünürəm ki, qanuna uyğun olaraq müvafiq müraciətlər edilib, onlara baxılıb və cavab verildikdən sonra tikinti işlərinə başlanılıb. Digər təhlükəsizlik tədbirlərinin standartlara uyğunluğu və bu standartlara əməl olunması məsələsinə gəlincə, hesab edirəm ki, bununla bağlı da nəzarət tədbirləri görülür. Əgər müvafiq qurumlar araşdırma apararkən təhlükəsizlik tədbirlərinə tam əməl olunmadığını, binada yaşayan sakinlər üçün və ya ümumi hərəkətin təşkilində hər hansı problemin yarandığını müəyyən etsələr, bu halda müvafiq tədbirlər görülməlidir”.

resize 5

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: