Slovakiya parlamentinin Beynəlxalq əlaqələr komitəsinin rəhbəri, hakim “Smer” partiyasının deputatı Marian Keri Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Bildirilib ki, deputatın siyahıya salınmasına səbəb Kiyevi tənqid etməsi olub.
“Mirotvorets” Keri Rusiyaya dəstək verməkdə və Ukraynaya qarşı “humanitar təcavüz aktları” törətməkdə ittiham edir.
Qeyd edək ki, ötən ilin dekabrında Slovakiya Prezidenti Peter Pelleqrini də “Mirotvorets”in məlumat bazasına daxil edilmişdi. O, Rusiyaya dəstək yönümlü addımlar atmaqda ittiham olunurdu.
Həmin vaxt Pelleqrini Kiyevə hərbi xərclər üçün pul göndərilməsinin münaqişəni yalnız uzadacağını bildirmişdi. Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri bu münaqişədə qələbə qazana bilməyəcək. Slovakiyalı siyasətçi vəziyyətin nizamlanması üçün ABŞ-ın səylərinin sürətləndirilməsinin və dəstəklənməsinin vacibliyini vurğulamışdı.
Xatırladaq ki, “Mirotvorets” saytı 2014-cü ildə yaradılıb. Saytda yaradıcılarının Ukraynanın təhlükəsizliyinə təhdid hesab etdiyi şəxslər barədə məlumatlar dərc olunur.
Əliyar Xəlil
Globalinfo.az