ABŞ Prezidenti Donald Tramp mərhum senator Lindsi Qremin müəllifi olduğu, Rusiya və İrana qarşı sanksiyaları nəzərdə tutan qanun çərçivəsində bir sıra sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqindən imtina edib.
“Bu fərmanla Qrem qanununda nəzərdə tutulmuş sanksiyaların, məhdudiyyətlərin və rüsumların tətbiqindən imtina edirəm. Konqresə bu cür imtinanın hazırda ABŞ-ın milli maraqlarına cavab verdiyini təsdiqləmişəm”, – deyə sənəddə vurğulanıb.
Qeyd edək ki, Qrem qanunu ABŞ prezidentinə bu cür imtinanın ölkənin milli maraqlarına cavab verdiyini yazılı şəkildə təsdiqləmək və qərarın əsaslarını izah edən hesabatı Konqresə təqdim etmək şərti ilə sanksiyaların tətbiqindən imtina etməyə imkan verir. Tramp da məhz bu mexanizmdən istifadə edib.
Xatırladaq ki, Tramp sentyabrın 19-da senator Lindsi Qremin təşəbbüsü ilə Rusiyaya qarşı sanksiyalar haqqında qanun layihəsini imzalayıb. Ağ Ev rəhbəri sanksiyaların tətbiqi ilə bağlı qərarı bir aydan gec olmayaraq qəbul etməli idi. Qanun Rusiya rəsmilərinə, banklarına, enerji və müdafiə şirkətlərinə qarşı sanksiyaların genişləndirilməsinə imkan verir. Həmçinin Rusiya neft və qazının əsas alıcıları olan Çin və Hindistan kimi ölkələrdən ABŞ-a idxal edilən mallara 100 faizə qədər rüsum tətbiqini nəzərdə tutur.
Bundan əlavə, qanun birbaşa Rusiya idxalına 500 faizə qədər rüsum tətbiq edilməsinə, eləcə də İranın enerji və silah sektorlarına qarşı sanksiyaların beş il müddətinə uzadılmasına imkan verir.
Globalinfo.az-a danışan beynəlxalq münasibətlər üzrə ekspert Əziz Əlibəyli bildirib ki, ABŞ Rusiyadan dizel yanacağı almaqda maraqlıdır və bu məsələ yeni reallıqlar yaradıb:
“ABŞ-da dizel yanacağının və benzinin qiyməti xeyli artıb. Buna görə də Rusiya ilə razılaşma zərurəti yaranıb. Lakin ABŞ Moskvaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq edir. Sanksiyaların davam etməsi, eləcə də Kreml ilə gərginliyin qorunub saxlanılması qiymət artımını azaltmaq əvəzinə, daha da sürətləndirə bilər.
Əziz Əlibəyli
Rusiya Ukrayna neftayırma zavodlarına hücumları azaldıb. Moskva isə bunu ABŞ-a güzəşt kimi təqdim etməyə çalışır.
Lakin Rusiya dizel yanacağı ilə bağlı öz payını əldə edə bilmədi. Rusiyanın kəmərləri vasitəsilə müəyyən şəkildə İranın payının çıxarıldığını düşünürəm. Bəzən dövlətlər bir-birinə düşmən münasibətdə olsalar da, iqtisadi sahədə əməkdaşlıq edə bilirlər”, – deyə ekspert bildirib.
Turan Rzayev
Globalinfo.az