metleb bina

Almaniyada yaşayan araşdırmaçı jurnalist Cavanşir Həsənlinin paylaşımı diqqət çəkib. O, AĞ Partiya sədri Tural Abbaslının köməkçisi Mətləb Aslanovun əmlak bazarında yarım milyon manatlıq ev axtardığını iddia edib.

Globalinfo.az-a danışan Mətləb Aslanov ciddi olmayan insanların qeyri-ciddi statuslarına münasibət bildirmək istəmədiyini deyib. Bununla belə, qısa açıqlama verməyi məqsədəuyğun hesab edib.

Bildirib ki, yeni tikililərlə hazır mənzillərin qiymətlərini müqayisə edən araşdırma aparıblar:

“Biz partiya olaraq müxtəlif sahələrdə araşdırmalar apara bilirik. Ola bilər ki, müəyyən vaxt yeni mənzillərin tikintisi və hazır mənzillərlə müqayisəsi ilə bağlı nəsə hazırlamışam. Mümkündür ki, sosial şəbəkələrdə paylaşılan mənzil elanlarına münasibət bildirmişəm, qiymət soruşmuşam, təmirə çəkilən xərclərlə yeni tikilinin qiymətini müqayisə etmişik. Yəqin ki, bu adam da sosial şəbəkədə yazdığım rəyi görüb və ya həmin səhifəni idarə edən şəxsin tanışıdır. Özünü önəmli sayaraq düşünüb ki, ona məlumat gəlib. Görəsən, sənə hansı məlumat gələcək?”.

M.Aslanov qeyd edib ki, müxtəlif ərazilərdə yeni tikililərlə hazır binalardakı mənzillərin qiymətlərini müqayisə edib:

“Biz statistikanı araşdırmışıq, nəticələr çıxarmışıq. Məsələn, Yasamal, Nərimanov və Nizami rayonlarında yeni tikililərlə hazır binalardakı mənzilləri müqayisə etmişik. Araşdırmışıq ki, niyə təmirli, yaşayışa hazır mənzillər yeni tikililərdəki mənzillərdən ucuzdur, halbuki yeni tikilidə mənzil almaq bəzən daha baha başa gəlir. Bununla bağlı araşdırma aparmışam. Yəqin ki, həmin şəxs də özünü önəmli sayaraq “Mənə məlumat gəlib” məzmununda status yazıb. Məsləhət görərdim ki, belə qeyri-ciddi insanlara fikir verməyəsiniz”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: