Fransada prezidentliyə namizəd, “Oyan, Fransa” hərəkatının lideri Nikolas Düpon-Eynyan Ukraynaya əlavə 70 milyard avro ayrılması ilə bağlı tələbi tənqid edib.
Globalinfo.az xəbər verir ki, siyasətçi bu barədə sosial şəbəkədə paylaşım edib. O, Fransanın büdcə kəsiri və artan dövlət borcu ilə üzləşdiyi bir vaxtda Ukraynaya əlavə maliyyə ayrılmasının yolverilməz olduğunu bildirib.
“Bəsdir, bəsdir, bəsdir! Ölkəmiz büdcə kəsiri səbəbindən borc içində boğulduğu, fransızlar isə Makronun ardıcıl hökumətlərinin tətbiq etdiyi sərt iqtisadi tədbirlərin yükünü daşıdığı halda, bizdən yenidən bu sonsuz qan tökülməsini maliyyələşdirmək tələb olunur”, – deyə Düpon-Eynyan yazıb.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Brüsseldə Avropa İttifaqı liderləri ilə keçirilən sammitdə 2027-ci ilədək hərbi ehtiyaclar üçün ən azı 70 milyard avro ayrılmasının vacibliyini vurğulayıb.
Fransanın digər siyasətçisi, “Vətənpərvərlər” partiyasının lideri Florian Filippot da bu təşəbbüsə qarşı çıxaraq “Ukrayna üçün bir avro da yox!” mövqeyini ifadə edib.
Ukraynaya maliyyə dəstəyi məsələsi Avropada siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır. Tənqidçilər bu vəsaitlərin ayrılmasının milli büdcələrə təsirini önə çəkir, dəstək tərəfdarları isə Kiyevin müdafiə qabiliyyətinin gücləndirilməsini vacib hesab edirlər.
Tahir Turan
Globalinfo.az