44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü bərpa etməsi, eləcə də hərbi cinayətlərdə ittiham olunan şəxslərin məhkəmə qarşısına çıxarılması ölkənin hüquqi və siyasi tarixində mühüm hadisələrdən biri kimi qiymətləndirilir. Prezident İlham Əliyev AQEM-in 7-ci Zirvə Görüşündə bildirib ki, bu, mahiyyət və formasına görə Nürnberq tribunalının analoqu idi.
Globalinfo.az-a danışan deputat Elman Nəsirov deyib ki, oktyabrın 15-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə görüşündə İlham Əliyev geniş nitq söyləyərək bir sıra strateji əhəmiyyətli məqamlara toxunub:
“Xüsusilə 30 illik işğal dövründə Ermənistanın həyata keçirdiyi barbar siyasətin mahiyyətini açıqladı. Dövlət başçısı beynəlxalq ictimaiyyətin baş verənləri faktiki olaraq seyrçi mövqedən izləməsinə, BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması ilə bağlı tələblərinin yerinə yetirilməməsinə diqqət çəkib.
Bütün bu reallıqlar fonunda Azərbaycan öz ərazi bütövlüyünü 2020-ci il müharibəsi nəticəsində güc yolu ilə bərpa edib. 2023-cü ildə isə Qarabağda erməni terrorizminin kökü birdəfəlik kəsilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam və qəti şəkildə təmin olunub”.
Deputat bildirib ki, otuz illik işğal dövründə azərbaycanlılara qarşı soyqırımı siyasəti həyata keçirən, hərbi cinayətlər törədən şəxslər bu gün Azərbaycanın paytaxtında qanun qarşısında cavab verirlər:
“İlham Əliyev həmin şəxslərin mühakiməsini Almaniya faşizmi üzərində keçirilmiş Nürnberq məhkəməsi ilə müqayisə edib. Bu, erməni faşizmi ilə alman faşizmi arasındakı oxşarlıqları, bir çox hallarda isə eyni mahiyyəti üzə çıxaran uğurlu müqayisədir. Məsələn, alman faşistləri işğal etdikləri ərazilərdə dini abidələrə qarşı hörmətsizlik edir, kilsələrdən tövlə kimi istifadə edərək orada at və it saxlayırdılar. Beləliklə, xristian dünyasının müqəddəs məkanlarını təhqir edirdilər. Ermənilərin işğal altındakı Azərbaycan ərazilərində törətdikləri əməllər də mahiyyət etibarilə bundan fərqlənmirdi. Belə ki, 67 məsciddən 65-i tamamilə dağıdılmış, digər ikisi isə yarıdağılmış vəziyyətə salınmışdı. Üstəlik, həmin məscidlərin bəzilərində inək və donuz saxlanılırdı. Bu, təkcə Azərbaycan xalqına deyil, bütövlükdə müsəlman dünyasının müqəddəs dəyərlərinə qarşı hörmətsizliyin və təhqirin nümayişi idi.
Elman Nəsirov
Deputatın sözlərinə görə, Nürnberq prosesində nasistlərin işğal etdikləri ərazilərdə törətdikləri dağıntılar və mədəni-dini abidələrə qarşı əməlləri də müharibə cinayətlərinin ümumi kontekstində qiymətləndirilirdi:
“Bu baxımdan, Ermənistanın işğal dövründə Azərbaycan məscidlərinə qarşı həyata keçirdiyi dağıdıcı və təhqiredici əməllərin də hüquqi qiymət alması vacibdir. Prezident İlham Əliyev AQEM-in Zirvə görüşündə iştirak edən qonaqları Zəfər parkını və Hərbi Qənimətlər Parkını ziyarət etməyə çağırıb. Bu çağırışın mühüm əhəmiyyəti var. Çünki həmin məkanları ziyarət edənlər erməni işğalının nəticələrini, Azərbaycan ərazilərində törədilmiş vəhşilikləri öz gözləri ilə görə bilərlər. İşğaldan azad edilən ərazilərdə qarşılaşdığımız mənzərə ermənilərin hansı dağıdıcı siyasət həyata keçirdiyini açıq şəkildə göstərirdi. Prezidentin təbirincə desək, sanki ərazimizdən vəhşi bir qəbilə keçib”.
Elman Nəsirov Zirvə görüşündə 28 dövlətin təmsil olunduğunu vurğulayıb:
“Laos Xalq Demokratik Respublikasının təşkilata qəbul edilməsi ilə üzvlərin sayı 29-a çatıb. Hesab edirəm ki, bu 29 dövlətin nümayəndələrinin Zəfər parkını, Zəfər muzeyini və Hərbi Qənimətlər Parkını ziyarət etməsi, erməni vandalizminin miqyasını öz gözləri ilə görməsi vacibdir. Bu, həm də Azərbaycan xalqının öz torpaqlarını azad etmək əzmini, qürurunu və dövlətimizin sülhə sadiqliyini nümayiş etdirmək baxımından əhəmiyyətlidir. Azərbaycan xalqı ağır işğal və dağıntılarla üzləşməsinə baxmayaraq, bu gün öz suverenliyini bərpa etmiş, ərazi bütövlüyünü təmin etmiş və sülhün tərəfdarı olduğunu dəfələrlə nümayiş etdirmiş bir xalqdır. Beynəlxalq ictimaiyyətin nümayəndələri ölkəmizə səfərləri zamanı bütün bunları əyani şəkildə görmək imkanı əldə edirlər”.
Hərbi ekspert Telman Qasımov deyib ki, 44 günlük Vətən müharibəsindən sonra Qarabağdakı separatçı rejimin rəhbərləri və hərbi strukturlarında yüksək vəzifələr tutmuş şəxslərin Azərbaycan məhkəməsi qarşısında cavab verməsi tariximiz üçün mühüm hüquqi hadisədir:
“Bu şəxslər arasında separatçı rejimin keçmiş “prezidenti” Arayik Harutyunyan, keçmiş “müdafiə naziri” Levon Mnatsakanyan, keçmiş “birinci müavin-komandir” David Manukyan, keçmiş “parlament sədri” Davit İşxanyan, həmçinin David Babayan, Arkadi Qukasyan və Bako Sahakyan kimi şəxslər var. Məhkəmə materiallarında onların Azərbaycanın ərazilərinin işğalında, qanunsuz silahlı birləşmələrin fəaliyyətinin təşkilində, müharibə cinayətlərində, terror aktlarında, mülki əhalinin qətlə yetirilməsində, işgəncə, məcburi köçürmə və digər ağır cinayətlərdə iştirakı ilə bağlı çoxsaylı sübutlar araşdırılıb”.
Telman Qasımov
Ekspert bildirib ki, hərbçilər arasında xüsusilə Levon Mnatsakanyan və David Manukyan diqqət çəkir:
“Mnatsakanyan separatçı qüvvələrin “müdafiə ordusu”nun qərargah rəisi olub, Manukyan isə general-mayor rütbəsində həmin silahlı strukturun “birinci müavin-komandiri” vəzifəsini tutub. Məhkəmədə Manukyanın rəhbərlik etdiyi hərbi birləşmənin Birinci Qarabağ müharibəsi zamanı Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Kəlbəcər və digər istiqamətlərdə döyüşlərdə iştirakı ilə bağlı materiallar təqdim edilib. Bu məhkəmə Nürnberq prosesi ilə oxşardır: müharibə və insanlıq əleyhinə ağır cinayətlər törədən şəxslər əməllərinə görə məsuliyyət daşımalıdırlar”.
Telman Qasımov qeyd edib ki, Azərbaycanın apardığı məhkəmə prosesi intiqam deyil, ədalətin bərpasıdır:
“Bu proses həm də gələcək nəsillərə göstərir ki, müharibə zamanı törədilən cinayətlər, dinc əhaliyə qarşı zorakılıq və separatizm cəzasız qala bilməz. Ən mühüm məqam budur ki, Azərbaycan bu məsələni hüquqi müstəvidə həll edir. Məhkəmə qarşısında dayanan şəxslər etnik mənsubiyyətlərinə görə deyil, konkret əməllərinə və törətdikləri cinayətlərə görə məsuliyyət daşıyırlar”.
Zaira Akifqızı
Globalinfo.az