pasinyan baki scaled 1

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla saziş məsələsinə yenidən toxunaraq Bakı ilə sülhün hansı şərtlər əsasında qurulmalı olduğunu izah edib. O deyib ki, Azərbaycanla sülh sazişinin imzalanmasının nəticəsi olaraq Ermənistanın ərazisi 29 743 kvadratkilometr olmalıdır. Eyni zamanda, sərhədin hər iki tərəfində anklav və eksklavlar qalmamalıdır. Bakı və İrəvan əraziləri dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişməlidir.

“Bütün yollar və kommunikasiya xətləri həm “Sülh qovşağı” (“Dünyanın kəsişməsi”) layihəsi çərçivəsində, həm də ondan kənarda açıq olmalıdır. Bakı və İrəvan bir-birinə qarşı heç bir tələb irəli sürməməli, bütün məsələlərdə bir-birinin işinə qarışmamalıdır. Qarabağ, Qardman, Şirvan, Naxçıvan və ya Qərbi Azərbaycan məntiqi ilə bağlı heç bir tələb olmamalıdır”, – deyə o bildirib.

Əslində, Paşinyan əvvəllər də bu motivdə çıxış edib. Məsələn, o, başqa bir çıxışında Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına nail olmağı qarşısına məqsəd qoyduğunu deyib.

Öncə onu deyim ki, iki ölkə arasında sülh danışıqları davam edir. Paralel olaraq, sərhədlərin delimitasiyası və demarkasiyası prosesi də davam edir. Ortada ciddi bir konflikt və ya kəskin fikir ayrılığı yoxdur. Lakin mübahisəli məsələlər, xüsusilə də anklav və eksklavlarla bağlı məsələlər hələ də qalmaqdadır. Tərəflər həlli mübahisəli olan və ya sülhə mane ola biləcək məsələləri növbəti mərhələyə saxlasalar da, Paşinyanın indiki məqamda bu fikirləri səsləndirməsi diqqət çəkir.

“Bakı və İrəvan anklavları dəqiq ölçülərinə uyğun olaraq bir-biri ilə dəyişdirməlidir” fikri mövcud reallıqlar çərçivəsində bir qədər mübahisəlidir. Məsələn, Başkənd sərhəddən 18 kilometr məsafədədir. Üstəlik, ərazi dağlıqdır. Ən önəmlisi isə Ermənistandan ora normal yol belə yoxdur. Amma ərazisi 40 kvadratkilometrdir.

Kərki isə sərhədimizin 8 kilometrliyindədir. Olduqca strateji yerdə yerləşir və Ermənistanın şimalını cənubu ilə birləşdirən M-2 magistralı Kərkidən keçir. Ərazisi 9 kvadratkilometrə yaxındır.

Tavuş vilayətindəki Azərbaycana məxsus Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndləri də kritik strateji əhəmiyyət daşıyır.

Lakin bütün bunlara baxmayaraq, Azərbaycan tərəfi anklav və eksklavların taleyi ilə bağlı rəsmi yanaşma sərgiləməyib. Beynəlxalq təcrübədə bu və bu kimi məsələlər ya qarşılıqlı dəyişmə, ya birtərəfli güzəşt, ya da mövcud status-kvonun saxlanılması ilə tənzimlənir.

Azərbaycanla Ermənistanın bu məsələni necə tənzimləyəcəyini indidən demək çətindir. Çünki bu məsələdə daha çox Paşinyanın bəyanatları barədə məlumatlıyıq. Azərbaycan isə görünür, hələlik bu məsələdə tələsmir.

Bizim üçün prioritet məsələ, şübhəsiz ki, yekun sülh sazişidir. Onun mətni Vaşinqtonda keçirilən görüşdə razılaşdırılıb. Reallaşmamasının əsas səbəbi isə Ermənistanda Konstitusiyanın dəyişdirilməsi məsələsidir. Bu proses başa çatdıqdan sonra sülh müqaviləsi imzalanacaq. Məhz bundan sonra Azərbaycan məsələyə qayıda bilər.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Paylaş: