“Elektroenergetika və qaz təchizatı sahəsində fəaliyyət göstərən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər arasında qarşılıqlı ödəniş məsələlərinin tənzimlənməsi və daxil olmuş vəsaitlərdən istifadə Qaydası”nda dəyişiklik olunub.
Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərara əsasən, hesabat ayının son iş gününün sonuna “Azərişıq” ASC-nin xüsusi bank hesabında qalan vəsait, Nazirlər Kabinetindən əlavə müraciət daxil olmadığı təqdirdə, müvəkkil bank tərəfindən “Azərenerji” ASC-nin xüsusi bank hesabına köçürüləcək. Bu barədə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə məlumat veriləcək.
Bundan başqa, hər ayın 15-dək əvvəlki ay ərzində “Azərişıq” ASC-nin Elektrik və istilik enerjisi, qaz və su təchizatı sahələrində Tənzimləmə Agentliyinə (EMTA) ödəməli olduğu haqq üzrə qalıq borc, eləcə də “Azərişıq” ASC-nin “Azərenerji” ASC-dən aldığı elektrik enerjisinin həcmi və dəyəri barədə tutuşdurma aktları tərtib ediləcək. Həmin aktların bir nüsxəsi Nazirlər Kabinetinə təqdim olunacaq.
Qeyd edək ki, əvvəllər bu proses Nazirlər Kabineti tərəfindən yaradılmış komissiya vasitəsilə həyata keçirilirdi.